Bir sinifdə 25-dən çox şagird: Hansı keyfiyyətdən danışırsız?! - RƏY

Çox olduqda uşaqlar bir-birilə him-cim oynayırlar və dərsin səviyyəsi sıfıra enir

  “Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır”. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib. Nazir sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsirinin olmasını mif adlandırıb: "Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir. Bizim cəmiyyətimiz elə qurulub ki, hər şeydən şikayət etmə formatı var. Biz təhsil sistemində insanlara geniş seçim imkanları yaratmışıq. Dünyanın heç yerində valideyn hansı müəllimin övladına dərs deməsini seçmir. Lakin bizdə valideynlər belə bir seçim edir. Çünki bir neçə il əvvəl bu belə korrupsiya mənbəyi idi. Məhz filan sinifə düşmək problem idi. Bunu aradan qaldırmaq üçün elektron sistemlər qurmuşuq. Həqiqətən də, bu gün müəllimi Elm və Təhsil Nazirliyi, direktor yox, elə valideyn seçir. Bizim 40-dan çox şagirdin təhsil aldığı məktəblərimizin sayı bir neçə yüzdür. 70 neçə min sinifimizdən təkcə bir neçə yüzündə 40-dan çox şagird var. Bizim təhsil sistemimizin sıxlıq problemi yoxdur. Sıxlıq yalnız bir neçə məktəbdə var".
  E.Əmrullayev evə yaxın olan məktəbin daha yaxşı olduğunu söyləyib:
"Mən həmişə demişəm ən yaxşı məktəb evinizə yaxın olandır. 6-7 yaşlı uşağı yaxşı məktəbdir deyə kilometrlərlə uzağa aparmağa dəyməz. Nazirlik, müəllimlər və məktəb olaraq hamımız işləməliyik ki, uşağın evinə yaxın olan məktəb ona yaxşıdır fikrini qüvvətləndirək. Sertifikasiyadan sonra biz əminliklə "müəllimin uşağa dərs deməyə minimal biliyi var" deyə bilirik. "Hansı müəllim daha yaxşıdır, övladımı onun yanına qoyum" müəyyən mənada çətin idarə olunan təfəkkür tərzidir. Bir müəllim maksimum 40 şagirdə dərs deyə bilər. Belə olan halda 41-ci adam istəsə də, ora düşə bilmir".
  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, sinifdə şagird sayının çox olması müəllimin şagirdə individual yanaşmasına, şagirdlərin arasında əlaqələrin zəifləməsi, dərslərdə qarşılıqlı əməkdaşlıq və əlaqələrin təşkilinə mənfi təsir göstərir və təhsilalanların diqqətini yayındıran əlavə təsirə səbəb ola bilər:

“İlk növbədə qeyd edim ki, ölkədəki 4 394 dövlət orta məktəblərinin 3 144-də dərslər birnövbəli, 1 250-də isə iki və ya üçnövbəli keçirilir.
  Beləliklə, respublika üzrə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 85,2 faizi 1 növbəli, 14,8 faizi 2 və ya 3 növbəli dərs keçilən orta məktəblərdə oxuyur.
  Əlbəttə ki, şagirdlərin sayının çox olması iki növbəli təhsili zəruri edir. Amma dünya təhsil təcrübəsinə görə deyə bilərəm ki, birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır.
  Valideynlər səhər saatlarında işə gedir. Bu həm də, uşaqların dərsə təhlükəsiz aparılması və gətirilməsi kimi məsələlərə də təsir göstərir.
Pedaqoji araşdırmalara əsasən qeyd edim ki, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günorta vaxtı. İbtidai siniflər üzərindəki uzunmüddətli müşahidələrim əsasında deyə bilərəm ki, səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur. İkinci növbədə isə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil oluna bilər. Bu baxımdan tədris müəssisələrinin birnövbəli olması daha məqsədəuyğundur.
  Ümumilikdə tədrisin ikinövbəli olmasının mənfi tərəfləri çoxdur. Azərbaycanda yeni məktəblərin tikilməsi hesabına ikinövbəli təhsil sistemindən imtina etmək lazımdır”.
  K.Əsədovun fikrincə, şagird sıxlığı təhsilin effektivliyi və keyfiyyətinə çox təsir göstərir: "Hər bir şagird öyrənmə mərhələsində fərqli bir tempdə və özünəməxsus tələblərlə özünü tələb edir". Nazirdən fərqli olaraq ekspert hesab edir ki, sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneçilik törədir: “Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olduqda bu vərdişlər ötürülmür, sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır. Uşaqlar bir-birilə him-cim oynayırlar və dərsin səviyyəsi sıfıra enir. Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrətmək olur. Tədqiqatlar isə göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır”.