Ekspert: DİM-in qəbul mexanizmi təcili olaraq dəyişilməlidir

Ali məktəblərə qəbul imtahanı qruplar yox, ixtisaslar üzrə aparılmalıdır

“Test tapşırıqlarını hazırlamaq səlahiyyəti DİM-dən alınmalı və tapşırıqları hazırlamaq üçün Prezident yanında və yaxud Nazirlər Kabineti yanında Xüsusi Testologiya İnstitutu yaradılmalıdır”



  Abituriyentləri düşündürən əsas məsələlərdən biri  bu il ixtisaslar üzrə keçid ballarının enmə və artması hallarının olub-olmaması ilə bağlıdır.
Ekspertlər isə hesab edir ki, 2024-cü il ali təhsil müəssisələrinə qəbul imtahanlarının əhatə dairəsinə görə əvvəlki illərdən fərqlənəcək.
Dövlət Proqramı çərçivəsində ali təhsil müəssisələrinə qəbulda plan yerlərinin  artacağı da gözlənilir. 
  Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, 2024-cü ildə keçiriləcək imtahanlarda nəticələrin yaxşılaşması keçid ballarına təsir edəcək:“Pandemiya və müharibə dövrü ötən illərdə abituriyentlərin nəticəsinə müəyyən qədər təsir etmişdi. Lakin 2024-cü ildə imtahan verən abituriyentlər 2021, 2022 və 2023-cü ildə normal qaydada hazırlıq keçdikləri üçün onların nəticələrində artım gözlənilir. Bu hal isə keçid ballarına az da olsa təsir edə bilər. Əsasən yüksək ballı ixtisaslarda, yaxud daha çox əmək bazarında tələb olunan prestijli ixtisaslarda keçid ballarının artması müşahidə oluna bilər”.
  Ekspert qeyd edib ki, bu il ixtisaslar üzrə keçid ballarında enmələr olacaq: “Bunun isə səbəbi abituriyentlərin nəticələrinə görə deyil, məhz plan yerlərinin artımı ilə əlaqədardır. Növbəti tədris ilində aparılacaq qəbul imtahanlarının keçid ballarında müəyyən qədər enmələrin müşahidə olunması artırılacaq plan yerlərinə uyğun olacaq. Hesab edirəm ki, 2024-cü ildə  maksimum bal toplayan 1 və 2 nəfər ola bilər. Təbii ki, buna tam əmin ola bilmərik. Amma düşüncələrimiz bu yöndədir”.

  Təhsil eksperti Elşən Qafarov isə “Sherg.az”a açıqlamasında deyib ki, Dövlət İmtahan Mərkəzinin qəbul mexanizmi dəyişilməlidir. Ekspertin fikrincə, DİM-in qruplar üzrə qəbul mexanizmi Azərbaycan gəncinə arzuladığı və istədiyi  ixtisas üzrə ali məktəbə daxil olma imkanı yaratmır, abituriyentlərin  bu hüququnu məhdudlaşdırır:
 “Ali məktəblərə qəbul imtahanı qruplar yox, ixtisaslar üzrə  aparılmalıdır. Hesab edirəm ki, test tapşırıqlarını hazırlamaq səlahiyyəti  DİM-dən alınmalı və tapşırıqları  hazırlamaq üçün  Prezident yanında və yaxud Nazirlər Kabineti yanında  Xüsusi Testologiya İnstitutu yaradılmalıdır. Bilirsiniz ki, 2022-26-cı illər İnkişaf Konsepsiyasında təhsillə bağlı əsas məsələlərdən biri illik tələbə qəbulunun 75 min nəfəri əhatə etməsi ilə bağlı hədəfdir. İndiyə qədər 45 min nəfər idi. 2023-2024-cü tədris ilində plan yeri 11 min artaraq 56 minə çatdırıldı. Növbəti il 66, 2026-2027-ci tədris ilində tələbə qəbulunun 75 min nəfəri əhatə edəcəyi gözlənilir. Plan yerlərinin sayı artdıqca keçid ballarının da aşağı düşməsi gözləniləndir”. 

  Hansı ixtisaslar üzrə tələbə yerlərinin sayının artacağına gəldikdə isə təhsil eksperti deyib ki, ölkə başçısının 2020-ci ildə imzaladığı sərəncama əsasən, əmək bazarının öyrənilməsi ilə bağlı iki elmi-tədqiqat institutunun yaradılması nəzərdə tutulub:
 “Əmək bazarında tələbat olan ixtisaslar həmin institutlar tərəfindən araşdırılacaq və tələbə yerləri də məhz həmin nəticələrə uyğun artırılacaq. Hesab edirəm ki, plan yerlərinin artırılması ilə paralel kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində də real addımlar atılmalıdır. Yerli əmək bazarını təmin edəcək kəmiyyətdə deyil, beynəlxalq əmək bazarına uyğunlaşdırılacaq səviyyədə kadr  hazırlamaq lazımdır. Bunun üçün də  ali məktəblərin kadr hazırlığı prosesində dönüş yaranmalı, tədrisin təşkilinin məzmununda ciddi dəyişikliklər edilməlidir”.