"Təhsilverənlərin Etik davranış Qaydaları": Müəllimləri nə gözləyir -RƏY

Yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda yer alan prinsiplərə əsasən, təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qaydalarda qeyd olunur ki, təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
 
Təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməli, təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalı, xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməli, təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır.
 
Bundan başqa, təhsilverən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır.
 
Təhsilverən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır.
 
Eyni zamanda təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir;
 
Təhsilverən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
 
Təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsilalanların, onların valideynləri və ya digər qanuni nümayəndələrinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməli, vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir.


Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, Elm və Təhsil Nazirliyi 15 may 2024-cü il tarixində "Təhsilverənlərin Etik davranış Qaydaları"nı təsdiq etdi:

“Bununla da 2014-cü ildən qüvvədə olan "Müəllimlərin etik davranış Qaydaları"  haqqında Nazirliyin əvvəlki qərarı ləğv edildi. Yeni qərar əvvəlki etik davranış qaydalarının bir çoxunu təkrarlasa da  fərqli xüsusiyyətləri də var. Qərarda müəllimlərin şəxsi sosial hesablarında məktəbi nüfuzdan salacaq hər hansı paylaşımlara yol verilməməsi, müəllimlərin geyim formasının məktəbin nizamnaməsinə uyğun olması, üzürsüz hallar istisna olmaqla işdən yayınmaması, rəhbərliklə münasibətlərin qarşılıqlı əlaqəsi, məktəbdə rüşvət sayılacaq hədiyyələrin qəbul edilməməsi və sair məsələlər öz əksini tapmışdır. Ən önəmli və mən deyərdim ki, müəllimlərin daha çox marağına səbəb olan bir məsələ isə məktəbin həyətində, yəni məktəbin bütün tədris-idman korpusları, yardımçı tikililər, həyətyanı sahəsi, təsərrüfat tikililəri daxil olmaqla müəllimlərə siqaret çəkməyin qadağan edilməsidir. Heç kimə sirr deyil ki, bütün dövlət orqanlarında siqaret çəkən əməkdaşlar mövcuddur. Hər nə qədər ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilsə də bu bir çox insanın su, qida kimi təməl ehtiyacına çevrilib. Saatlarla siqaret çəkməyən adamlarda daha çox  psixoloji problemlərin ortaya çıxması labüddür. Bu tibbi nöqteyi nəzərdən belədir. Mövcud qaydanın tətbiqi zamanı bəzi suallar yaranır. Bir çox müəllimlər və  məktəbin idarə heyəti günün əksər saatını məktəbdə keçirirlər. Onların içərisində siqaret çəkən əməkdaşlar nə edəcəklər.? Bu qərar hansı əlavə problemlər yaradacaq? Açığı maraqlıdır ki, bu qaydalar digər dövlət orqanlarında tətbiq edilirmi? Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi qərar verərəkən  digər analoji dövlət orqanlarında, məsələn səhiyyə, ədliyyə, maliyyə, bələdiyyə idarələrində və ya Ali məktəblərdə bu qaydaların tətbiqinin nəticələrini araşdırıb.”