Ekspert: Məktəbəqədər təhsil istiqamətində şagirdlərin təhsil alması olduqca vacibdir

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər bu gün başa çatır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 971 məktəbəhazırlıq qrupunda 21 530 uşaq məşğələyə cəlb olunub.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.


təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, məktəbəqədər təhsil istiqamətində şagirdlərin təhsil alması olduqca vacibdir:

“Bu təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində də qəbul edilmiş proqramdır. Şagirdlərin erkən yaşda yəni 5 yaşda qəbulu həyata keçirilir. 1 il onların məktəbəqədər hazırlıq pilləsində müəyyən fənnlər üzrə bilik və bacarıqlarını formalaşdırırlar. Bu mərhələdən sonra həmin şagirdlər 1-ci sinfə qəbul olurlar. Şagirdlərin 5 yaşda məktəbəqədər hazırlıq prosesinə cəlb olunması onların həm ibtidai təhsil pilləsində göstəricilərinə müsbət təsir etmiş olur yuxarı təhsil pilləsinə keçiddə də erkən yaşda əldə etdikləri biliklər, tərbiyə, təlim və digər amillər onların yuxarı təhsil pilləsində daha uğurlu olmalarına rəvac verir. Bizdə məktəbəqədər təhsil istiqamətində qəbul prosesi çoxda uzun tarixə dayanmır. Qısa müddət ərzində şagirdlərin hazırlığı həyata keçirilir. 7-8 il olar ki, şagirdlərin qəbulunu həyata keçiririk. Ancaq ondan əvvəlki dövrə baxsaq şagirdlər yalnız 6 və yaxud 7 yaşı olanda 1 ci sinfə gedirdilər. İbtidai təhsil pilləsində 1 il məktəb mühitinə, sinif yoldaşları və müəllimlərə uyğunlaşa bilmirdilər. İndi isə 5 yaşdan bu prosesə qoşulduqları üçün ümumi təhsil prosesinə adaptasiya ola bilirlər. Bu yaşda övladı olan valideynlərə səslənirəm ki, maksimum dərəcədə çalışsınlar ki, övladlarını hazırlıq prosesinə qoşsunlar. Onlar artıq 5 yaşdan həm təlim-tərbiyə və tədris prosesində iştirak etsinlər, həm də sinif yoldaşları ilə uyğunlaşsınlar. Bu onların sosial olmasına gətirib çıxaracaq. Yəni bir növ asosiallıqdan övladlarını xilas etmək üçün mütləq məktəbəqədər təhsil vacibdir. Bunu hər bir valideyn qəbul etməlidir ki, gələcəkdədə övladları uğurlu ola bilsin. Məktəbəqədər təhsil pilləsi üzrə Bakı şəhəri deyil eyni zamanda respublikanın müxtəlif bölgələrində də tətbiq olunur. Həmin bölgələrdə də məhz məktəbəqədər təhsil istiqamətində ibtidai sinif müəllimi 5 yaşlıları qəbul edərək onlara 1 il ərzində ümumi proqram tədris olunur. Onlarda ibtidai və yuxarı təhsil pilləsindən fərqli olaraq dərslər 31 may tarixində bitir. Yekunda həmin şagirdlər prosesə tam adaptasiya olur. Digər üstün tərəfid ondan ibarətdir ki, məhz məktəbəqədər hazırlığa cəlb olunan şagirdlər 1-ci sinifə qəbul prosesində sistem tərəfindən avtomatik olaraq hansı müəllim hansı məktəbdə dərs deyirsə onun sinifinə sistem tərəfindən yerləşdirirlər. Bu da əlavə üstünlükdür. Ümumilikdə bu prosesə müsbət baxıram və müsbət dəyərləndirirəm. 2023-2024 tədris ilində 114 min 500 nəfərə yaxın şagird məktəbəqədər təhsil pilləsi üzrə hazırlıqlara cəlb olunub. Nəzərə yetirsək ki, 1-ci siniflərə hər il 130-140 min nəfər uşaq cəlb olunur. Onunda 114 min 500 nəfəri məktəbəqədər təhsil pilləsinə gedirsə, bu digər təhsil pilləsində müsbət nəticələnir.”