Ağrı dağın ətəyində tək şagird: İstanbuldan gələn müəllim də xoşbəxtdir

Ağrının ucqar bir kəndində çalışan gənc müəllimə Sedanur Açış, çətin qış şəraitinin hökm sürdüyü bölgədə tək şagirdi ilə sevgi dolu bir təhsil hekayəsi yazır.

Hamur rayonunun ən uzaq yaşayış məntəqələrindən olan, yüksək hündürlükdə yerləşən Yoğurtçu kəndində qış aylarında sakinlərin şəhərə köçməsi səbəbindən bölgədə çox az ailə qalır.

İstanbuldan olan 25 yaşlı ibtidai sinif müəlliməsi Sedanur Açış, 3 il əvvəl təyin olunduğu və ilk iş yeri olan bu kənddə ağır qış şəraitinə baxmayaraq peşəsini böyük fədakarlıqla davam etdirir.

“İlk göz bəbəyim” adlandırdığı 9 yaşlı yeganə şagirdi Nevin Küsmü ilə hər səhər əl-ələ tutub söhbətləşərək məktəbə gedən Açış, sinif yoldaşı kimi gördüyü şagirdi ilə sevgi dolu bir təhsil yolculuğu yaşayır.

Türk dili, ingilis dili, riyaziyyat və rəsm kimi fənlərdə müxtəlif materiallardan istifadə edərək Nevinə dərs keçən Açış, onunla birlikdə kitab oxuyur, idman edir və müxtəlif oyunlar oynayaraq günün həm mənalı, həm də məhsuldar keçməsini təmin edir.

Müəllimə Sedanur bildirib ki, ilk iş yerində peşəsini sevərək icra edir və tək şagirdini ən yaxşı şəkildə yetişdirməyə çalışır.

Uzaq bir kənddə tək şagirdlə dərs keçməyin çox böyük əhəmiyyət daşıdığını deyən Açış belə danışıb:

“3 il əvvəl işə başlayanda 6 şagirdim vardı, o say belə bizə az görünürdü. İndi isə bir şagirdlə davam edirik. Tək şagirdə təhsil vermək fərqli bir təcrübə oldu. Aramızda emosional bağ da yaranır. Artıq müəllim-şagird münasibətindən çox doğma bacılar kimiyik. Nevin birinci sinifdə olanda da onun müəllimi idim. İndi o üçüncü sinifdədir və isti, sədaqətli bir mühitdə təhsilimizi davam etdiririk.”

Açış bildirib ki, Nevin çox ağıllıdır və dərslərində uğurludur. Təhsil prosesində bir çox işi birlikdə edirlər.

Oxu saatından sonra dərsə başladıqlarını deyən Açış deyir:

“İstanbuldan buraya gələndə bölgənin hava şəraiti mənə çətin gəlmişdi. Bəzən uyğunlaşmaq çətin olur, amma alışdıqdan sonra buranın qışını da qəbul edirsən. Qış çətin olsa da, bəzən yollar bağlansa da, hava nə qədər pis olsa da, təhsil davam etməlidir deyə tək şagirdimiz üçün məktəbə gəlirik. Təhsilə dəyər veririk.”

Nevinin birinci sinifdə olanda da çox fərqli və həssas olduğunu bildirən Açış əlavə edib:

“Keçən il qısa müddətlik ayrıldıq, o dövrdə Nevin məni tez-tez axtarır, məktəbdə olan hər şeyi mənə danışardı. Onun yeri mənim üçün çox ayrıdır. Nevinlə olmaq mənə də motivasiya verir. Biz yaxşı vaxt keçiririk. Mən onu çox sevirəm, o mənim üçün çox dəyərlidir.”

Nevin Küsmü isə müəllimini çox sevdiyini və tətillərdə onun üçün darıxdığını deyib.

Müəllimi ilə vaxt keçirməkdən zövq aldığını bildirən Nevin bunları söyləyib:

“Mənim bir dostum var, o da mənim müəllimimdir. Müəllimim çox yaxşı insandır. Çöldə voleybol oynayırıq, kitab oxuyuruq, ingilis dili söz oyunu oynayırıq. Çox xoşbəxtəm və müəllimimi çox sevirəm. O mənim üçün həm bacı, həm də qardaş kimidir. Müəllimlər Günü üçün ona şeir hazırladım. Həftəsonu gedib ona hədiyyə alacağam. Böyüyəndə müəllimim kimi müəllim olmaq istəyirəm. Tətil olanda onun üçün çox darıxıram. Mənə oxumağı və yazmağı o öyrədib.”

Qalereya