Azərbaycan universitetləri ilk dəfə THE reytinqinə düşüb

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Kamran Əsədov: "Reytinqdə yer almaq asandır, orada qalmaq isə sistemli keyfiyyət tələb edir"
“2027-2030-cu illərdə Azərbaycan universitetləri ilk 800-lükdə ola bilər, strateji islahatlar davam edir”
Azərbaycan ali təhsil sistemi üçün mühüm əhəmiyyət daşıyan tarixi hadisə baş verib – ölkəmizin dörd universiteti ilk dəfə nüfuzlu “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən hazırlanan “Dünyanın ən yaxşı universitetləri – 2026” siyahısına daxil olub. Bu göstərici Azərbaycanın elmi və akademik potensialının yüksəldiyini, ali təhsil müəssisələrinin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməyə başladığını nümayiş etdirir.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, ötən il bu siyahıda cəmi iki universitetimiz yer almışdı, 2020-ci ildə isə heç bir ali məktəbimiz THE qlobal reytinqində təmsil olunmurdu. Bu il isə həm say, həm də nəticələr baxımından ciddi irəliləyiş əldə olunub. İki universitetimiz mövqeyini gücləndirib, digər iki ali məktəb isə ilk dəfə bu nüfuzlu siyahıya düşüb.
Bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də qərarlaşıb. 1501+ diapazonunda təmsil olunan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır.
Qeyd edək ki, Mərkəzi Asiya ölkələri arasında Azərbaycan bu reytinqə daxil olan universitet sayına görə 2-ci sıradadır. Cənubi Qafqaz regionunda isə Azərbaycan müvafiq göstərici üzrə lider mövqedədir.
Sözügedən qlobal reytinqin bütün meyarları üzrə Azərbaycan universitetlərinin göstəriciləri ortalama +4 bal dinamikası ilə yaxşılaşıb.
Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dörd universitetin ilk dəfə “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin “World University Rankings 2026” siyahısına daxil olması ölkə ali təhsil sistemində keyfiyyət və idarəetmə transformasiyasının başlanğıc mərhələsində olduğunun göstəricisidir:
 “Təhlil göstərir ki, bu nəticə son illərdə Elm və Təhsil Nazirliyinin ali təhsildə beynəlxalq inteqrasiya, elmi məhsuldarlığın artırılması və universitetlərin idarəetmə modellərinin çevikləşdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasətin real nəticəsidir. Əgər 2020-ci ildə Azərbaycan universitetləri bu reytinqdə ümumiyyətlə təmsil olunmurdusa, indi dörd ali məktəbin bu siyahıya daxil olması sistemin daxili dinamikasının dəyişdiyini sübut edir.
Bu fakt təkcə statistika deyil, həm də təhsil sahəsində struktur modernizasiyanın ilkin mərhələsinin göstəricisidir. Elm və Təhsil Nazirliyi son illərdə “universitetlərin elmi potensialının reytinq əsaslı idarəetməsi”, “elmi nəşrlərin beynəlxalq bazalarda indeksləşdirilməsi” və “daxili keyfiyyət təminatı sisteminin formalaşdırılması” kimi mexanizmləri tətbiq etməklə universitetləri rəqabət mühitinə daxil edib. Məhz bu səbəbdən ötən il yalnız iki universitet reytinqdə yer almışdısa, bu il onların sayı iki dəfə artıb. Bu, elmi fəaliyyətin genişlənməsi, xarici dil bacarıqlarının inkişafı, beynəlxalq layihələrin artması və tədqiqat yönümlü yanaşmanın güclənməsi ilə izah olunur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ilk dəfə TOP 1000-likdə qərarlaşması mühüm nailiyyətdir və ali təhsildə idarəetmənin modernləşməsinin nəticəsidir. UNEC son illərdə elmi məqalələrin keyfiyyətini artırmaq, müəllim heyətinin beynəlxalq təlimlərə cəlb olunması və rəqəmsal tədris modellərinin tətbiqi istiqamətində real irəliləyişlər göstərib. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mövqelərini möhkəmləndirməsi isə ənənəvi akademik bazaya malik olan ali məktəblərin də yeni dövrün tələblərinə uyğunlaşmağa başladığını göstərir. Azərbaycan Texniki Universitetinin reytinqə ilk dəfə daxil olması mühəndislik təhsilində baş verən dəyişikliklərin və istehsal sahəsi ilə əməkdaşlığın nəticəsidir. Bu, Elm və Təhsil Nazirliyinin ali təhsildə texnoloji yönümlü ixtisasların inkişafına verdiyi prioritetin bariz göstəricisidir”.
Lakin Kamran Əsədov hesab edir ki, bu nəticələrə baxmayaraq, universitetlərin beynəlxalq reytinqlərdə yer alması hələ keyfiyyət baxımından sistemli dönüş demək deyil:
 “Əsas fərq ondan ibarətdir ki, beynəlxalq reytinqlər təkcə məqalə sayını deyil, onların sitat indeksini, beynəlxalq əməkdaşlığı, akademik reputasiyanı və elmi təsiri də qiymətləndirir. Hazırda bir çox Azərbaycan universitetlərində bu göstəricilər hələ də zəifdir. Universitetlərin çoxu yalnız formal olaraq elmi fəaliyyət göstəricilərini artırmağa çalışır, amma tədqiqatların praktik təsiri, tətbiqyönümlülüyü və beynəlxalq elmi dövriyyəyə real daxilolma səviyyəsi aşağıdır.
Bu reallıq onu göstərir ki, universitetlərdə elmi fəaliyyət hələ də “şəxsi təşəbbüslər səviyyəsində” qalır, sistemli institutlaşma tam formalaşmayıb. Bir çox ali məktəblər hələ də tədqiqat mərkəzlərini formal saxlayır, elmi qrant sistemlərindən səmərəli istifadə edə bilmir, beynəlxalq konsorsiumlara qoşulmaqda çətinlik çəkir. Təəssüf ki, bəzi universitetlər bu reytinq nəticəsini “PR aləti” kimi təqdim edir, amma daxili idarəetmə mexanizmlərini dəyişmədən dayanıqlı yüksəliş əldə etmək mümkün deyil. Beynəlxalq səviyyədə reytinqə daxil olmaq asandır, orada qalmaq isə sistemli keyfiyyətin göstəricisidir”.
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər xüsusi qeyd olunmalıdır:
 “Nazirlik 2023-cü ildən “Universitetlərin performans qiymətləndirmə sistemi”, “Beynəlxalq reytinqlərdə iştirak mexanizmi” və “Elmi fəaliyyətin maliyyələşmə modeli” kimi sənədlərlə bu prosesi dövlət səviyyəsində təşviq edir. Artıq bir çox universitetlərin maliyyələşməsi nəticəyönümlü meyarlarla tənzimlənir. Bu, ali məktəbləri yalnız hesabat təqdim edən qurumlardan bilik və innovasiya istehsal edən elmi strukturlara çevirməklə, keyfiyyət mədəniyyətinin formalaşmasına xidmət edir. Elm və Təhsil Nazirliyinin bu sahədə atdığı addımlar həm idarəetmə baxımından, həm də ali təhsilin beynəlxalq imicinin formalaşdırılması baxımından strateji və uzaqgörən qərarlardır.
Dünya təcrübəsi göstərir ki, universitetlərin qlobal reytinqlərə daxil olması uzunmüddətli və məqsədyönlü islahatların nəticəsidir. Məsələn, Polşa, Çexiya və Malayziyada ali təhsil islahatları nəticəsində universitetlərin beynəlxalq görünürlüyü 5-7 il ərzində kəskin artıb. Həmin ölkələrdə tədris və tədqiqat paralel aparılır, gənc alimlər üçün xüsusi qrantlar verilir, müəllimlərin elmi məhsuldarlığı müntəzəm monitorinq olunur. Azərbaycan bu təcrübəni mərhələli şəkildə tətbiq etməyə başlayıb. Əgər bu istiqamətdəki islahatlar ardıcıl şəkildə davam etdirilərsə, 2027–2030-cu illərdə Azərbaycan universitetlərinin ilk 800-lükdə yer alması tam real hədəf ola bilər.
Bu gün mövcud vəziyyət onu göstərir ki, Elm və Təhsil Nazirliyinin düzgün müəyyənləşdirdiyi siyasət universitetləri rəqabətə yönəldib, amma hələ də onların bir çoxu öz daxili keyfiyyət sistemlərini formalaşdırmayıb. Universitet rəhbərlikləri elmi göstəricilərin arxasında dayanan məzmunu, yəni laborator infrastruktur, beynəlxalq tədqiqat mühitini, doktorant hazırlığının keyfiyyətini yeniləməlidirlər. Bu, sadəcə reytinqdə yer almaq üçün deyil, milli elmin dayanıqlı inkişafı üçün vacibdir”.
K.Əsədov hesab edir ki, THE reytinqində dörd universitetin təmsil olunması Elm və Təhsil Nazirliyinin məqsədyönlü siyasətinin ilk real nəticəsidir və ölkə üçün müsbət göstəricidir:
 “Amma bu uğurun davamlı olması üçün universitetlərin daxili transformasiyası, elmi idarəetmə modelinin şəffaflaşdırılması, akademik kadrların stimullaşdırılması və beynəlxalq tədqiqat mühitinə real inteqrasiya prosesi sürətləndirilməlidir. Nazirliyin strateji kursu doğrudur — bu, ali təhsilin yalnız formal sistemdən çıxıb keyfiyyət, rəqabət və beynəlxalq tanınma mərhələsinə keçməsini təmin edən islahat xəttidir. Universitetlər isə bu imkandan səmərəli istifadə etməli, nəticəni “reytinqdə görünmək” yox, “elm istehsalında görünmək” kimi dəyərləndirməlidirlər”