“Azərbaycanda yeni iqtisadi idarəetmənin şahidi ola bilərik”

“Bu yanaşma dövlətin strateji planlaşdırmaya söykənən iqtisadi idarəetmə modelinə keçməsi ilə bağlı olan proseslərlə müşahidə edilməlidir”




Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Aprelin 9-dan işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Proses gündəlik davam edir. Ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir. 

Artıq 400 mindən çox işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb. 



Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirləri yüksək  qiymətləndirən iqtisadçı-ekspert, professor Elşad Məmmədov milli iqtisadiyyatda hiss olunan şokları Azərbaycanın müstəqillik  tarixində misili olmayan  təzyiq kimi dəyərləndirir. Onun sözlərinə görə, üç fundamental xarici iqtisadi amil Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməkdədir:

"Birinci təzyiq dünya iqtisadiyyatında müşahidə edilən dərin böhranla bağlıdır. İkincisi isə məlum pandemiya məsələsidir. Koronavirusun yayılması səbəbindən  işgüzar fəallığın bütün dünya üzrə dondurulub,  xarici ticarət əlaqələri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Digər mühüm amil isə  neft qiymətlərinin kəskin ucuzlaşmasıdır.  Həm büdcə daxilolmaları, həm tədiyyə balansı, həm də ümumdaxili məhsul baxımından neftin dəyərdən düşməsi  milli iqtisadiyyatımız üçün ciddi təzyiq hesab olunur". 

Lakin ekspert hesab edir ki, ötən ildən başlayaraq Azərbaycanda həyata keçirilən sistemli struktur islahatlarının dərinləşməsi və yeni mərhələyə keçməsi    bizim pandemiya ilə mübarizədə 1:0 öndə olmağımıza zəmin yaradıb: 

" Bu isə təsadüfi deyil, ölkə başçısının uzaqgörən siyasətinin göstəricisidir. Hansı ki  həmin istiqamətlərdən biri də sosial effektli idi. Sosial paket nöqteyi-nəzərdən bu ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq. Biz son aylarda həm minimum əməkhaqqının, həm sosial müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı müsbət dinamikanın şahidi olduq.

Müsbət dinamikanın qorunub saxlanması önəmlidir. Çünki bu bir tərəfdən əhalinin sosial rifahının yüksəldilməsinə şərait yaradır, digər tərəfdən də daxili bazarın genişlənməsi, alıcılıq qabiliyyətinin yüksəldilməsi, idxalın əvəz olunması kimi istiqamətlərə çox ciddi təkan verə bilər. Həmçinin əhalinin böyük hissəsinin evdə qalması ilə bağlı kommunal ödənişlərin hesablanmasında və həcmində böyük artım ola bilər.

Hesab edirəm ki, bu paketdə nəzərdə tutulan elektrik enerjisi sərfiyyatına ödənişlərdə limitin 100 kilovat/saat artırılması düzgün addım kimi səciyyələndirilə bilər. Bu, həm də yığımlarda müsbət göstəricilərə səbəb ola və əhalinin sosial baxımından gərginliyinin müəyyən mənada qarşısını ala bilər.

Bütövlükdə, bütün bu proseslər kifayət qədər irihəcmli iqtisadi idarəetmə nöqteyi-nəzərdən yeniliklərin bir hissəsidir. Gələcəkdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni yanaşmanın şahidi ola bilərik.

Bu yanaşma, ilk növbədə, dövlətin iqtisadiyyatda çəkisinin artırılması, dövlətin strateji planlaşdırmaya söykənən iqtisadi idarəetmə modelinə keçməsi ilə bağlı olan proseslərlə müşahidə edilməlidir. Bu proseslərdə yeni, məhz inkişafa yönələn institutların da yaradılması zəruridir.

Hesab edirəm ki, Azərbaycanda, bütövlükdə iqtisadi cəhətdən uğur göstərəcək ölkələrdə yaxınmüddətli perspektivdən başlayaraq dövlətin iqtisadiyyatda iştirakı artacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu