Xəbərdarlıq ! - “Hərbi xəbərlər sms vasitəsilə çatdırılmır”- Saxta mesaj ! 

“İndi də müxtəlif ölkələrdə yaşayan ermənilər Azərbaycan vətəndşalarına saxta sms göndərməyə başlayıblar”

“Bunun qarşısını texniki yolla almaq mümkün deyil. Yeganə variant maariflənmədir”

“Tanınmayan nömrədən hərbi vəziyyətə dair gələn heç bir mesaja inanmaq lazım deyil”


 Biz sentyabr ayının 27-dən, yəni geniş miqyaslı ək-hücuma başlandığı ilk gündən torpaqlarımızı ard-arda azad edir, qələbələrə sevinirik. Ermənilər isə, vallah, nə etdiklərini özləri də bilmirlər. Düşmən olduqlarına görə demirəm, amma, doğrudan da, gülünc vəziyyətdədirlər. İndi də saxta mesajlar göndərirlər. Məqsəd aydındır: əhali arasında çaşqınlıq, panika yaratmaq. Bir neçə gündür telefonlarda “xəbərdarlıq” mesajları peyda olur. Guya yaşayacağımız yerə raket düşə bilərmiş və təcili olaraq yaşadığımız yeri tərk etməli imişik. Gülməyib nə edəsən? Nə qədər çıxılmaz vəziyyətə düşüblər ki, quyruğu tələdə qalan siçan kimi vurnuxurlar. Bundan da başqa əllərindən heç nə gəlmir.

 İnternet-media mütəxəssisi Səbuhi Abbasov “Sherg.az”a açıqlamasında bildirib ki, saxta mesajlara inanmaq olmaz: 

“Senytabr 27-dən etibarən müharibə iki ayrı istiqamətdə-döyüş meydanında və informasiya məkanında gedir. Əlbəttə, hər ikisi vacibdir. Emənilər, əvvəlcə, internet media quruluşlarına, o cümlədən saytlara hücum etdilər.

Tez bir zamanda bunun qarşısı alındı. Ardınca sosial şəbəkələrdə- təkcə “Facebook” və “İnstagram”da yox, “Telegram” və “Watsapp”da da dezinformasiyalar yayıldı.

Sosial şəbəkələrə girişin məhdudlaşması ilə bu dəfə də düşməni “zərərsizləşdirdik”. İndi də müxtəlif ölkələrdə yaşayan ermənilər Azərbaycan vətəndşalarına saxta sms göndərməyə başlayıblar. Bunun qarşısını texniki yolla almaq mümkün deyil. Yeganə variant maariflənmədir.

Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti mövcud vəziyyət barədə insanları məlumatlandırıb, bəyanatlar verib. Amma bu, kifayət deyil. Hər birimizin üzərimizə düşən məsuliyyəti dərk etməli, soyuqqanlı, diqqətli, təmkinli olmalıyıq. Düşmən panika içində olduğuna görə, artıq ağlına gələn hər şeyi edir. Bu, onların son addımlarıdır”.

S. Abbasovun sözlərinə görə, hər şübhəli çağırışı dəqiqləşdirmək lazımdır:

“İstənilən hadisə ilə bağlı ilk və rəsmi xəbəri Müdafə Nazirliyi verir. Odur ki, hər bir məlumatı rəsmi mənbədən dəqiqləşdirməli, onun “fake” olub-olmadığını müəyyənləşdirməliyik.

Düşmən hətta Gəncə terrorunun da bizi ruhdan salmadığını anlamalıdır. Dediyim kimi, ciddi maariflənməyə ehtiyac var. KİV, Dövlət reklam agentliyi bu işdə fəal olmalı, mobil operatorlar abunəçilərinə lazımi xəbərdarlığı etməlidir. Tanınmayan nömrədən hərbi vəziyyətə dair gələn heç bir mesaja inanmaq lazım deyil.

Çünki indi heç bir vətəndaşa hərbi xəbərlər sms vasitəsilə çatdırılmır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu