Televiziyalar bu xalq, bu mühit, bu auditoriya üçün çalışmalıdır

Seriallar da hərbi-vətənpərvərlik mövzusuna yer verməlidir 


Tamaşaçı yerli telekanallardan narazıdır. “Bəs proqram aparıcıları filan qədər izləyicilərinin olduğunu iddia edir. Yerli telekanallara baxan yoxdursa, bu qədər izləyici sayı hardan peyda olur?” deməyə tələsməyin. Ayrı-ayrı telekanallarda yayımlanan tok-şou və “adi” şou proqramların izləyici sayının hansı texnologiya, hansı üsullarla monitorinqinin aparıldığını biz də bilmirik. Bircə onu eşidirik ki, proqramları guya tamaşaçılar həsrətlə gözləyir. Qeyri-peşəkarlıq, ucuz şouya üstünlük verildiyi tənqid ediləndə isə telekanal rəhbərləri də, layihə müəllifləri, aparıcılar da “camaat nə istəyir, onu göstəririk” deyirlər. Yəni həqiqətənmi bizim tamaşaçı günün 24 saatını çalıb-oynamaq və faciəli həyat hekayələrini dinləyib ağlamaq arzusundadı? Başqa mövzu yoxdumu bu məmləkətdə, həm də vacib mövzular?! 

MTRŞ “vətənpərvərlik” istəyir

Amma Milli Televiziya və Radio Şurası vacib mövzuları açıqlayıb və bu sırada hərbi-vətənpərvərlik mövzusu da əsasdır. MTRŞ yerli telekanallara “əl gəzdirmək” fikrindədi.  

MTRŞ yayımçılara konkret hərbi-vətənpərvərlik mövzularına daha çox vaxt ayırmaları ilə bağlı tövsiyələr verib. Və bu, çoxdan gözlənilən qərardır. Müharibə şəraitində yaşayan, işğala məruz qalmış və 20 faiz ərazisi hələ də işğal altında saxlanılan ölkənin telekanalları daim çal-çağır proqramları yayımlamamalıdır.  

Bu barədə MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib: “Milli Televiziya və Radio Şurası olaraq yayımçılara hərbi-vətənpərvərlik mövzularına yer vermələri ilə bağlı mütəmadi tövsiyələr veririk. Bununla belə, bu istiqamətdə işlərin daha da intensivləşdirilməsinə ehtiyac var”.

O bildirib ki, dövlət büdcəsindən maliyyələşən yayımçılarla bərabər, özəl yayımçılar da efirlərində hərbi-vətənpərvərlik mövzularına indikindən daha çox efir vaxtı ayırmalı, hərbi-vətənpərvərlik verilişlərinin saatını artırmalıdır.

Şöbə müdirinin sözlərinə görə, telekanallarda yayımlanan hərbi-vətənpərvərlik verilişlərinin hazırkı vəziyyəti monitorinq edilir, gələcəkdə yayımçılarla da müzakirələr aparıla bilər.

“Azərbaycan dövləti tərəfindən Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin problemlərinin həllinə xüsusi həssaslıq göstərilir. Buna müvafiq olaraq televiziya və radiolar da ərazilərimizin 20 faizinin işğalda olduğu bir zamanda Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhidlərə həsr olunmuş verilişlərin təşkil edilməsinə, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filmlərin göstərilməsinə, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanmasına, ümumilikdə vətənpərvərlik mövzularına aktual bir məsələ kimi yanaşmalıdırlar. Hazırda yayımçıların proqram səbətində sözügedən aspektlərdə verilişlərin yayımlanmadığını söyləmək doğru olmazdı. Yayımçılar mütəmadi olaraq belə mövzulara müraciət edirlər. Bu məsələ yayımçıların diqqət mərkəzində olur”, - T. Dadaşov vurğulayıb.
MTRŞ rəsmisi onu da vurğulayıb ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmov Qarabağ Azadlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb. Görüşdə televiziya kanallarında Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin problemlərinə həsr olunmuş verilişlərin təşkil edilməsi, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filmlərin göstərilməsi, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanması geniş müzakirə edilib.

Məhərrəmlinin sözlərinə görə, televiziyalar hüquqi baxımdan biznes sahəsi olsa da, cəmiyyətdə həyata keçirdikləri funksiyalarına görə onlardan məsuliyyət tələb olunur.

Nuşirəvan Məhərrəmli: “Hərbi-vətənpərvərlik verilişlərinin keyfiyyəti artırılmalıdır”  

MTRŞ sədri Nuşirəvan Məhərrəmli KİV-ə açıqlamasında televiziyaların maarifləndirici, məlumatlandırıcı, əyləncəli və hərbi vətənpərvərlik mövzusunda verilişlərin keyfiyyətini artırmalı olduğunu deyib:

- Keyfiyyətin artırılması ona görə vacibdir ki, bu verilişlər gənclərin tərbiyəsində müsbət rol oynasınlar. Televiziyalarda şou proqramların bayağı ruhda hazırlanması ictimaiyyəti narahat edir. Şura çalışır ki, bu məsələləri rəhbərləri inandırmaq yolu ilə həll etsin. Ancaq qanunvericiliyə görə, onlara müdaxilə etmək imkanı yoxdur. Bununla bağlı Şura təkliflər hazırlayıb və müvafiq orqanlara təqdim edəcək.

Biz efirimizi yad ünsürlərdən, yabançı filmlərdən də qorumalıyıq. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” sərəncam imzalayıb. Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq dövlət başçısı qərara alıb ki, milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına müvafiq vəsait ayrılsın. Hazırda şurada, həm telekanallarla, həm də ictimaiyyətin bu sahə ilə bağlı nümayəndələri ilə məsləhətləşmələr gedir. Bu mövzu ilə bağlı ayrıca bir “dəyirmi masa”nın keçirilməsini də planlaşdırırıq. Ən asan variantlardan biri müsabiqə yolu ilə ayrılan vəsaiti bölməkdir. Təbii ki,  bu yolla maliyyə vəsaiti kino ilə məşğul olan ayrı-ayrı insanlara ayrılacaqsa, bunun müsbət tərəfi var. Çünki bu, tam şəffaflıq və obyektiv şəraitdə həyata keçiriləcək. İstənilən insan öz işini ortaya qoya biləcək. Ancaq bunun başqa bir mənfi tərəfi də var ki, həmin hüquqi və ya fiziki şəxs öz filmini və ya serialı televiziyada nümayiş etdirə biləcəkmi? Televiziya kanalları onu alıb öz efirində göstərəcəkmi? Belə problem yaranır. Digər bir variant işə bilavasitə televiziya kanallarının özlərinin cəlb edilməsi və məsuliyyətin əsas hissəsinin onların üzərinə qoyulmasıdır. Bizim telekanallar bu işdə iştirak edəcək və müxtəlif prodakşn şirkətləri ilə əməkdaşlıq edib ortaya keyfiyyətli iş qoyacaqlar.

Biz efirimizi yad ünsürlərdən, yabançı filmlərdən qorumalıyıq

MTRŞ sədri bildirib ki, serial çəkilişi üçün telekanallara təkcə pul ayırmaqla iş bitmir. Burada söhbət həm də senaridən, hansı mövzulara müraciət olunacağından gedir:

- Biz ayrı-ayrı istiqamətlər üzrə müsabiqələr elan edirik. Əsas istiqamətlər tərbiyəvi, maarifləndirici mövzulara aid olacaq. Azərbaycanda ailə-məişət mövzusunda müsbət ailə obrazının yaradılması, adət-ənənələr, böyük-kiçik münasibətləri, gənclərin həyat və fəaliyyətləri, maraqları, hərbi vətənpərvərlik və s. istiqamətlərdə mövzular müəyyənləşəcək. Gördüyünüz kimi bu, çox məsuliyyətli məsələdir və əsas odur ki, Milli Teleradio Şurası da bu məsuliyyətli məsələdən qorxmur. Bizə göstərilən etimadı doğrultmaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Biz efirimizi yad ünsürlərdən, yabançı filmlərdən qorumalıyıq. Bizim insanlarımız Latın Amerikası serialları ruhunda yox, öz milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Bu heç də qapalılıq demək deyil. Sadəcə, bizim efirimizdə xaricdə istehsal olunan filmlərin həcmi daha çoxdur. Bunun obyektiv səbəbi var. Çünki Azərbaycanda kino sahəsində böyük arxivimiz yoxdur ki, ondan yetərincə istifadə edək. Ona görə də məqsəd Azərbaycanın yerli televiziya filmlərinin çəkilməsini inkişaf etdirmək, yerli istehsalı stimullaşdırmaqdan ibarətdir. Hesab edirik ki, prezidentin sərəncamı Azərbaycan teleradio məkanında televiziya filmləri və seriallarının çəkilməsində ciddi canlanma yaradacaq.
Təbii ki, hər şeyin qısa zamanda keyfiyyət üstünlüyü qazanacağını demək düzgün olmaz. Azərbaycan dövləti yetişməkdə olan nəslin tərbiyəsinə xüsusi diqqət yetirir. Bu baxımdan dövlətin mövqeyi açıq ortadadır. Düzdür, televiziyaların seriallar çəkilməsi ilə bağlı müəyyən təcrübələri var. Ola bilsin ki, bütün insanlar həmin təcrübələri eyni cür qiymətləndirmirlər. Bununla belə, mövcud olanı dəyərləndirmək lazımdır. Hazırda da Azərbaycan kanallarında müəyyən qədər yerli istehsal var. Ancaq onların bəziləri çox bəsit, primitiv şəkildə olur. Filmlərdə hadisələr çox bayağı formada təqdim olunur. Ancaq əsas fakt odur ki, onlar bizim telekanallar tərəfindən ortaya qoyulur. Təbii ki, başlanğıc vacibdir. Növbəti addımda mövcud olanların keyfiyyətini daha da qaldırmaq nəzərdə tutulur. İndi televiziyada yayımlanan serialların, telefilmlərin sayını artırmaq üçün bizə gözəl şans yaranıb. Biz bu şansdan yararlanmalıyıq.

Televiziyanın cəlbediciliyi düzgün istifadə edilməlidir  

N.Məhərrəmli qeyd edib ki, hər bir ictimai fikrin çox böyük tərbiyəvi əhəmiyyəti var. Xüsusən də televiziyaların:
- Gənclər, uşaqlar bəzən ailədə valideynin dediklərindən daha çox televiziyada deyilənlərə qulaq asırlar. Bundan əlavə, insanlar uzun müddət ekran qarşısındadırlar. Ekran qarşısında olan mövcud vəziyyət onların həyat şəraitlərinə, məişətlərinə bu və ya digər şəkildə təsir edir. Bu baxımdan televiziyaların tərbiyəvi əhəmiyyətini böyük hesab edirəm. Biz insanlarımızı normal, sağlam mühitdə tərbiyə etmək istəyiriksə, efirə ən gözəl hisslər, mənəvi dəyərlərlə bağlı verilişlər gətirməliyik. Təbii ki, nöqsanlardan, problemlərdən də qaçmamalıyıq. Ancaq onları elə formada təqdim etmək lazımdır ki, tərbiyəvi əhəmiyyəti özünü göstərsin.

Biz telekanalların proqram siyasətinə və yaradıcılığına qarışmırıq. Bizim belə bir səlahiyyətimiz yoxdur. Bununla yanaşı, Teleradio Şurası ölkədə teleradio yayım siyasətinə dövlət nəzarətini həyata keçirən bir orqandır. Bu baxımdan əgər televiziya kanallarında ciddi problemlər varsa, bu məsələyə hansısa formada müdaxilə etməliyik. Qanunvericiliyin bizə verdiyi səlahiyyətlər çərçivəsində ictimaiyyətin maraqlarını qorumaq bizim üzərimizə düşür. Əgər bu gün Azərbaycanın efir məkanında xarici teleserialların həcmi artıqdırsa, bu haqda qərar vermək bizə aid olan məsələdir. Biz hətta, telekanalları məcbur edə bilərik ki, onların bir hissəsini yerli istehsalla əvəz etsinlər. Hər hansı televiziya kanalının rəhbəri lisenziyanı alarkən bütün işini xarici filmləri alıb efiri doldurmaqla bitmiş hesab etməməlidir. O, yerli məhsulu da ortaya qoymalıdır. Bu xalq, bu mühit, bu auditoriya üçün çalışmalıdır.
İstər bədii, istərsə də cizgi filmləri olsun, bunlar ilk növbədə Azərbaycan tamaşaçısı üçün olmalıdır. Əgər bunlar bu gün əlimizdə varsa və çox simvolik qiymətlə telekanallara satılarsa, biz onlardan istifadə edə bilərik. Təəssüf ki, onların qiymətləri həddən artıq şişirdilmiş formada verilir. Ona görə də efirimizdə daha çox xarici seriallar yayımlanır. Biz hər gün efirdə Azərbaycanla bağlı verilişlərin, serialların olmasında maraqlıyıq. Buna görə də seriallar həm mövzu, həm aktyorların oyunu, həm rejissor işi baxımından çox maraqlı olmalıdır ki, insanlar bezməsinlər. Təbii ki, burada peşəkarlıq ortaya qoyulmalıdır.