İdlib "düyünü" Moskvada açılmadı: Putinlə Ərdoğanın görüşündə şifahi razılıq əldə edildi

Dünən Rusiyaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə mühüm məsələləri müzakirə edib. Görüşün protokol hissəsində çıxış edən Putin türkiyəli həmkarı ilə iki ölkə arasındakı münasibətləri, iqtisadi əlaqələri və regional mövzuları masaya yatırdıqlarını söyləyib. Prezidentləri Su-35 və Su-57 qırıcı təyyarələri ilə bağlı da müzakirələr aparıblar. Qırıcıların sadəcə alış-verişi deyil, birgə istehsalı da gündəmə gətirilib. Tərəflər görüş zamanı Suriyanın İdlib bölgəsindəki vəziyyəti də təhlil ediblər.

Putin vurğulayıb ki, Türkiyənin cənub sərhədlərində təhlükəsizlik zonasının yaradılması Suriyanın ərazi bütövlüyü üçün də yaxşı şərait yaradacaq. Ərdoğan da öz növbəsində Türkiyənin Suriyanın ərazi bütövlüyünə sadiq qaldığını təsdiqləyib.

Mühüm görüşü “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev Rusiya və Türkiyə prezidentlərinin son görüşünü müsbət dəyərləndirib

“Rusiyanın dəstəklədiyi Suriya ordusunun türk əsgərlərə hücümündan sonra tərəflər arasında soyuqlaşmanın olacağı zənn edilirdi. Lakin prezidentlərin görüşü zamanı yayılan görüntülər bunun əksini göstərdi. Ərdoğanın Türkiyəyə qayıtdıqdan sonra verdiyi açıqlamalar da münasibətlərin düzəldiyindən xəbər verir. Görüş zamanı “S-400” zenit raket kompleksləri, Su-35 və Su-57 qırıcıları və s. məsələlər müzakirə olunsa da, İdlib məsələsində tam nəticə əldə olunmayıb. Çox güman ki, hələlik şifahi razılaşma ilə kifayətləniblər. Əsas məsələ İdlibdəki qüvvələrin məsələyə yanaşmasıdır. Ancaq digər məqamlarda tərəflərin qarşılıqlı olaraq tam razılaşmaya gəldiyini söyləmək mümkündür”.