Şərqşünas alim təklif verdi

Aşura günü sosial yardımlaşma halına gətirilməlidir

Qarabağ müharibəsi şəhidlərinin ailələri, qazilər, şəhid məzarları ziyarət edilməlidir. Ehtiyacı olan şəxslərə imkan daxilində sosial yardımlar göstərilməlidir

Hər il hicri-qəməri təqvimiylə Məhərrəm ayının gəlişi “görəsən bu il Aşura mərasimləri necə keçiriləcək? Xurafatdan nə qədər uzaqlaşmışıq” suallarını gündəmə gətirir. Hər dəfə də istər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsi bu xüsusda tədbirlər keçirir, ölkə müsəlmanlarını dinimizin adət-ənənələrinə riayət etməyə çağırırlar. Ziyalılar da maarifçilik vəzifəsini könüllü daşıyırlar. Bəs nə qədər irəliləyiş nəzərə çarpır?

Əvvəlcə onu qeyd edək ki, həftə sonu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
DQİDK sədri Mübariz Qurbanlı sentyabrın 1-nə təsadüf edən Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, islam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin vacibliyinə toxunub. Komitə sədri bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə əvvəlcədən maarifləndirmə məqsədilə hazırlıq işlərinin həyata keçirildiyini, Komitə tərəfindən Tədbirlər Planının hazırlandığını bildirib. Müvafiq Tədbirlər Planına əsasən Bakı şəhəri də daxil olmaqla respublikanın müxtəlif bölgələrində maarifləndirici tədbirlərin, görüşlərin keçirildiyini nəzərə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, əsas məqsəd bu mərasimlərin bütün məscidlərdə qanunun tələblərinə və QMİ-nin fətvasına uyğun şəkildə yerinə yetirilməsidir.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsinin vacibliyinə diqqət çəkib. Şöbə müdiri Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyasının xüsusi önəm daşıdığını vurğulayıb.

E.Nəcəfov təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimizin də anılmasının zəruriliyini qeyd edib.

Məhərrəm ayının, eləcə də Aşura mərasimlərinin islamın mahiyyətinə uyğun şəkildə keçirilməsinin gərəkliyini önə çəkən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Şərq”ə açıqlamasında bildirdi ki, Azərbaycan xalqı əsrlərdir sevgili peyğəmbərimizə və əhli-beytə öz hörmətini, sayğısını nümayiş etdirir. Xüsusilə, Məhərrəm ayında qeyri-bərabər döyüşdə şəhadətə yetən sevimli peyğəmbərimizin nəvəsi İmam Hüseynin ölümü faciə kimi yad edilir, Aşura mədəniyyəti Azərbaycan xalqının milli kimliyinə transfer edib artıq: 

- Lakin mənfi məqam bundan ibarətdir ki, bir qrup insan Məhərrəm ayında icra edilən dini ayinlərdən sui-istifadəyə can atır. Məhərrəm ayından və Aşura mərasimlərindən hətta radikal çağırışlar etmək üçün istifadə olunur. Belə əməllər mömin insanlara hörmətsizlikdir, bu insanların səmimi hisslərindən “bəhrələnməkdir”. Sevindirici olan budur ki, son illərdə artan maarifçilik tədbirləri bu kimi mənfi halların qarşısını almağa yönəlib. Aşura mərasimləri ilə bağlı son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi çox işlər görüb. Sistemli şəkildə aparılan maarifləndirmə işləri cəhalətə, xurafata qarşı elmi yanaşmaların ortaya qoyulmasına imkan yaradıb. Bir məsələni qeyd etməliyəm ki, Azərbaycanda Aşuranın başqa ölkələrin emissarlığı ilə keçirilməsindən ehtiyatlanmalıyıq.

Amma fikir verin, İmam Hüseynə bağlı olan Vətən oğulları heç vaxt başqa ölkələr üçün döyüşmədilər. Onlar indi də Azərbaycan üçün canlarını qoymağa hazırdırlar. Çünki İmam Hüseyn şəhidlik, mərdlik, ədalət məktəbidir. Aşura fəlsəfəsi buna söykənir. Və bu fəlsəfə də bizlərə İmam Hüseynin haqq işi uğrunda mübarizəsini, fədakarlığını, mərdliyini Qarabağ problemimizə yansıtmağımıza imkan yaradır. Bunu lazımi formada edə bilsək, nəticədə, zəfərimiz daha da tezləşər.

S.C.Əzimbəyli qeyd etdi ki, son illərdə maarifləndirmə işlərinin yüksək səviyyədə təşkil edilməsi sayəsində Aşura mərasimində zəncirvurma, başyarma, özünə xəsarət yetirmə addımları ciddi şəkildə azalıb. Yaranmış müsbət durumda həm aidiyyətli dini təşkilatların, həm də dini maarifləndirmə işinə efirdə imkan yaradanların böyük xidməti var:

- Burada “Space” telekanalında yayımlanan “İnam” verilişini vurğulamalıyam. İlin digər vaxtlarında olduğu kimi Aşura günlərində də canlı efirdə oluruq, insanları maarifləndirmək üçün əlimizdən gələni edirik. İslam insan həyatına qəsdin əleyhinədir. Bunu nəzərə alaraq Aşura mərasimlərində insanlar özlərinə qəsd edərək, qan çıxarmaq əvəzinə, qanvermə aksiyalarına qoşulurlar. Bu çox müsbət addımdır və möminlərin özləri üçün də savab əməldir.
Məhərrəm ayında, Aşura günündə Qarabağ müharibəsi şəhidlərinin ailələri, qazilər, şəhid məzarları ziyarət edilməlidir.

Ehtiyacı olan şəxslərə imkan daxilində sosial yardımlar göstərilməlidir. Aşura gününü sosial yardımlaşma kimi ənənə halına gətirməyimiz, İmam Hüseynə ən böyük hörmət olar.

Çünki İmam Hüseyn (ə) məzlumların arxası, dayağı idi. Biz də əgər həqiqətən İmam Hüseyn və onun mübarizəsini əziz tutur və onu özümüzə örnək seçmişiksə, imamı sevindirəcək addımlar atmalıyıq. Bu da ilk növbədə möhtac insanlara yardım etməkdir. İstər qanvermə aksiyası vasitəsilə, istərsə də sosial yardımlaşma yoluyla.   
 
S.C.Əzimbəyli bölgələrdə təziyə məclislərinin məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunması və islam qaydalarına uyğun formada həyata keçirilməsi məqsədilə qabaqlayıcı addımların atılmasını, maarifləndirmə işinin gücləndirilməsini zəruri saydığını dedi.


Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.