Tahir Kərimlidən çağırış: "Hər vasitə ilə qardaş Türkiyəyə yardım göstərməliyik"

“Osmanlı zamanından müasir dövrədək Qərb dünyası türklərə düşmən mövqedə dayanıb”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

Deputat bildirib ki, ABŞ, Avropa ölkələri və İran Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə qarşı çıxır: 

“Türkiyənin yerinə həmin dövlətlər olsaydı, sərhədləri boyu terrorçular məskunlaşsaydı, hansı addımı atardılar? İnanın, heç bir dövlət belə bir təhdidə göz yummazdı. Türkiyən hərbi əməliyyat qərarı verməkdə tam haqlıdır və ədalətlə prosesi başa vuracaq. Çox qəribə mənzərədir. Xristian dövlətlərinin Türkiyəyə qarşı həmrəyliyinə müsəlman ərəb ölkələri də qoşulublar. Rusiya da bu məsələdən xeyli qıcıqlanır. Bütün bunlar onu göstərir ki, türkə düşmənçiliyin tarixi qədimdir və illər keçsə də bu kin-nifrət aradan qalxmır. Sadəcə üzdə qeyri-səmimi münasibət göstərirlər. Belə yerdə “türkün türkdən başqa dostu yoxdur” ifadəsinin nə qədər doğru olduğu aydınlaşır. Ona görə də təkcə Azərbaycan deyil, Türkiyənin hərbi əməliyyatlarını Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan da dəstəkləməlidir”. 

T.Kərimli vurğulayıb ki, bir-birimizi müdafiə etməsək, türk dünyasını məhv etmək üçün əllərindən gələni edəcəklər: 

“Bütün Qərb dünyası, İsrail və ərəb ölkələri məhz bu məqsədlə Türkiyəyə qarşı çıxırlar. Çünki Türkiyənin türk dünyasının pənahı, aparıcı gücü, ümid yeri olduğunu yaxşı bilirlər. Azərbaycandan başqa Türkiyəni tam səmimiyyəti ilə müdafiə edən ölkə yoxdur. Bu baxımdan siyasi, iqtisadi, maddi və mənəvi hər vasitə ilə qardaş Türkiyəyə yardım göstərməliyik”.