Bu summativ nədir ki, şagird qızdırmalı vəziyyətdə də onu ihmal etmir? 

Təhsil eksperti Kamran Əsədov məktəbdaxili qiymətləndirmədə boşluqlar olduğunu təəssüflə qeyd edir 


 Summativ qiymətləndirmələr şagirdlərin qorxulu röyasına çevrilib. O həddə ki, hətta qrip virusuna yoluxmuş, qızdırmadan əziyyət çəkən uşaq da anasının əlindən çırpınıb çıxmağa çalışır: “yox, mütləq məktəbə getməliyəm, summativ var”.

Bu summativ nədir ki, şagird qızdırmalı vəziyyətdə də onu ihmal etmir? Əsaslı səbəbdən summativlərdə iştirak etməyən şagird üçün güzəştli şərtlər yoxdurmu?

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında məktəbdaxili qiymətləndirmədə boşluqlar olduğunu təəssüflə qeyd etdi: 

- Yarımillik qiymətləndirmədə kiçik summativ qiymətləndirmə - KSQ və böyük summativ qiymətləndirmə BSQ var. Hər 4 həftədə KSQ, 7-8 həftədə isə BSQ keçirilir. BSQ-nin nəticəsinə görə rüblük qiymət təyin edilir. Şagird üzürlü səbəbdən BSQ-də iştirak etmirsə, müəllim kiçik summativlərin nəticələrinə görə şagirdin biliyini qiymətləndirə bilər. Çünki şagird 2-3 dəfə KSQ-də iştirak edir, axı. Və ya müəllim BSQ-də iştirak etməmiş şagird və ya şagirdlər üçün yeni tapşırıqlar müəyyən edə bilər. Əvvəlki tapşırıqlar gərək şagirdə verilməsin, çünki o, əvvəlki tapşırıqlardan artıq məlumatlı olacaq. Bərabərlik prinsipi pozulmasın deyə, müəllim BSQ-də iştirak etməmiş şügirdin tapşırıqlarını yeniləməlidir. Bunun üçün müəllimin ehtiyat bazası olmalıdır. Amma bir çox hallarda müəllimlər tənbəllik edir, özlərinə əlavə əziyyət vermək istəmirlər, summativ qiymətləndirmə üçün bir gün təyin edirlər və bütün şagirdlərə möhkəm-möhkəm tapşırırlar ki, hamı həmin gün dərsdə olmalıdır. Hədə-qorxu da gəlirlər ki, əks halda, rüblük qiymət yazmayacaqlar. Buna heç bir müəllimin ixtiyarı yoxdur. Summativ qiymətləndirmə üçün yalnız konkret bir gün təyin etmək də doğru deyil. Tədris standartlarında belə         qayda yoxdur. Summativlər üçün 2 həftəlik müddət verilir. Sadəcə, orta məktəblərdə tədris proqramını düzgün bölüşdürmürlər, vaxt çatışmazlığı yaranır. Ona görə də tələsirlər. Qızdırmalı şagird də, məcburiyyət qarşısında məktəbə gedir. Halbuki həkimlər dönə-dönə tapşırır ki, xəstə uşaqlar məktəbə getməməlidir. Bu, sağlamlıq baxımlndan həm onların özü üçün, həm də sinif yoldaşçları üçün təhlükəlidir, yoluxma risqi daşıyır.                                         

Məlahət Rzayeva