QORXMAYIN! – “Başa düşmək lazımdır ki, karantin təhlükəsizlik üçündür”


Koronavirus təhlükəsi bütün dünyanı təşvişə salıb. Bununla bağlı ayrı-ayrı ölkələrdə fövqəladə tədbirlər həyata keçirilir, real təhlükənin aradan qaldırılması üçün addımlar atılır. ÜST də öz növbəsində insanlara diqqətli olmağı, gigiyenik qaydalara əməl etmələrini tövsiyə edir. Avropa ölkələrinin hava uçuşlarını dayandırması, sərhədləri bağlaması və s. kimi profilaktik tədbirlər də birbaşa olaraq mövcud problemin həll olunmasına yönəlib.

 “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a açıqlamasında deyib ki, insanlar bu məsələyə biganə yanaşmamalıdırlar:

“Çox adam koronavirusu zarafata salır. Rusiya televiziyaları bu məsələyə səthi yanaşırlar. Hətta bu virusun sadəcə mif olduğunu, adi qripdən fərqlənmədiyini iddia edənlər də var. Amma elə deyil. Avropa koronavirusun əsas mərkəzidir. Avropadakı vəziyyət qorxu filmlərini xatırladır”. 
 Tanınmış baş redaktorun sözlərinə görə, insanlar nəinki özlərini, əzizlərini, ətrafdakı insanları da düşünməlidirlər: 

“Biz hələ də toy edirik. Halbuki kütləvi tədbirlər çoxdan dayandırılmalı idi. İnsanlar təmizlik, gigiyena məsələsinə xüsusi diqqət göstərməlidirlər. Evdə zibil saxlamaq, zibili eyvandan aşağı atmaq olmaz. Məsləhət görərdim ki, ev yeməklərinə üstünlük verilsin. Gənclər heç olmasa, bir müddətlik “fast-food”dan uzaq dursunlar. Bir də karantindən qorxmaq lazım deyil. Əksinə, başa düşmək lazımdır ki, karantin təhlükəsizlik üçündür”.