Fədakar həkimlərdən kitab yazılacaq: Həkim professorun təşəbbüsünü alqışladı


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli xoş təşəbbüslə çıxış edib. O, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan həkimlərinin əməyini yüksək qiymətləndirərək, səhiyyə işçiləri ilə bağlı portret- oçerk və portret- esselərdən ibarət kitab yazacağını deyib. 

 Əlbəttə, bu indiki çətin dövrdə təbiblərimizin qəhrəmanlığını  gələcək nəsillərə ötürmək baxımından da xüsusi əhəmiyyətlidir.

 Professorun bu təşəbbüsü ilə bağlı "Sherg.az"a danışan həkim Şəmsiyyə Namazlı göstərilən diqqət səbəbindən ona təşəkkür etdi:

"Cahangir müəllim böyük ziyalıdır, böyük alimdir. Sağ olsun ki, bizi unutmayıb. Əgər bu layihə baş tutsa, bütün həkimlər ona minnətdar olar".

Ş. Namazlı öz təklifini də verdi:

"Yaxşı olardı ki, işə həkim- filosoflar da cəlb edilsin. Onlar tibbin fəlsəfəsinə dair geniş məlumat verə bilərlər. Təbabət qədim elmdir. Yunan fəlsəfəsinə görə, loğmanlar yaşayan ərazilərdə xəstə olmazdı. Sonradan həkimlərə münasibət dəyişildi, birmənalı olmadı. İndi isə tarix təkrarlanır. Cahangir müəllimin kitabı sayəsində hər kəs tibb işçilərinin cəmiyyət həyatındakı rolunu bir daha başa düşəcək".