Hədəf qadınlardır ! - “Bir yandan pandemiya, bir yandan da kişilər qırır” - Namus qətilləri, yoxsa...?!

“Kişilər elə düşünürlər ki, keçmiş arvadına məxsus olanları sərbəst şəkildə götürə bilərlər”

“Ya qadınlar vaxtında aidiyyəti quruma müraciət etmir, ya da qanunda çatışmazlıqlar olur”


Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib. Hadisə paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.

Qadınların keçmiş həyat yoldaşları tərəfindən müxtəlif zorakılığa məruz qalmasının hər zaman şahidi olmuşuq. Hətta zaman-zaman ölüm hallarının baş verməsi də bir faktdır. Kişilərin göstərdiyi bu münasibət məhz qadınların boşanmadan vaz keçməsinə, çəkinməsinə və qorxmasına səbəb olur. Neqativ halların yaşandığını görən qadınlar da onların eyni talenin gözləyəcəyini düşünürlər. Bu baxımdan şiddət və müxtəlif zorakılıqlara göz yumurlar.

Baş verənləri “Sherg.az”a dəyərləndirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadınların keçmiş həyat yoldaşı tərəfindən öldürülməsində psixoloji amillər və mənsubiyyət məsələsi mühüm rol oynayır. Onun sözlərinə görə, qadınların müdafiəsi sahəsində müəyyən boşluqlar var:

“Bəzi kişilər qadına “mənim əmlakım”, “mənə məxsusdur”, “yalnız mənim iradəmlə yaşamalıdır” kimi düşüncədə olur. Bu da qadına əşya kimi baxmaq, ona aşırı dərəcədə müdaxilə deməkdir. Boşanıblarsa, tərəflər bir-birinin həyatına heç bir halda müdaxilə etməməlidir. Kişilər bəzən elə əsaslandırırlar ki, guya uşaqlarının qeyri-əxlaqi mühitdə yaşamasından gərginlik keçirirlər. Amma boşanmadan sonra xanımın həyatına müdaxilə etmək, onu idarə etmək və ondan qisas almaq, qadını əzmək kimi hallar baş verir. Kişi düşünür ki, “mənim olmadısa, heç kimin deyil” ”.

M.Zeynalova qeyd edib ki, oğurluq hadisəsi qisas xarakterli olsa da, burada da psixoloji amillər var:

“Kişi “qadının nəyi varsa, mənə məxsusdur” düşüncəsindədir. Həmin kişi öz aləmində bunu oğurluq hesab etmir. Elə düşünür ki, keçmiş arvadına məxsus olanları sərbəst şəkildə götürə bilər”.



Birlik sədri vurğulayıb ki, əksər ölkələrdə də buna bənzər hadisələr yaşanır. Qadınlar keçmiş həyat yoldaşları tərəfindən müxtəlif zorakılığa məruz qalır, öldürülür:

“Guya bunlar namus qətilləridir. Soruşanda isə deyirlər ki, “uşaqlarım var idi, namus üstündə cinayət törətmişəm”. Hər gün bu məsələlər müzakirə olunur, təkliflər verilir. Amma hələ də qadınların təhlükəsizlik məsələsi istədiyimiz səviyyədə deyil. Ya qadınlar vaxtında aidiyyəti quruma müraciət etmir, ya da qanunda çatışmazlıqlar olur. Qanunda belə bir məqam var: xəsarət yoxdursa, zərərçəkənə heç bir köməklik edə bilmərik. Sözlə ifadə olunan zorakılıq, təhdid halları nəzərə alınmır.

Amma təhdid də zorakılığın bir formasıdır. Lakin bunu zorakılıq kimi qiymətləndirmirik. Bu məsələlər aktiv fəaliyyətə çevrilməlidir. Məsələn, qadın hara zəng vuramalı, hara getməli, kimdən yardım istəməlidir? Aydın məsələdir ki, qadın 102-yə də zəng vurub polis çağırsa, deyəcəklər ki, xəsarət yoxdursa necə həbs edək?. Halbuki hədə-qorxular, psixoloji təzyiqlər var. Amma kişini həbs etmək üçün konkret xəsarət yoxdur deyə heç bir iş görülmür”. 

M.Zeynalovanın fikrinə, qadınları sığınacaqlarla bağlı daha çox məlumatlandırmaq lazımdır:

“Bu dəqiqə 102 kifayət qədər yüklüdür və ora çoxlu sayda zənglər vurulur. Ayrıca qaynar xəttin olması vacibdir ki, qadınlar məişət zorakılığı olan zaman həmin nömrə ilə əlaqə saxlasın. Bu baxımdan hələ ki, ala-yarımçığıq. Ölüm halları 1-ci karantin dövründə az idi, nisbətən sakitlik vardı. Amma iki aydır zorakılıqla bağlı artım var.

İndiki psixoloji gərginlik dövründə daha diqqətli və həssas olmalı, qadınlara əlçatan məlumatlar vermək lazımdır. Çünki pandemiyanın psixoloji gərginliyi, aqressiyası təhlükəli hallar yaradır. Nəsə alınmayanda, kişilər qadınlardan qisas alır. Bu dəqiqə hədəf qadınlardır. Qadınları bir tərəfdən pandemiya, birdigər tərəfdən kişilər “qırır” ”.