Arxa cəbhədə korona, öndə düşmən var

Sevil Mikayılova: "Əsgərlərimiz döyüşə-döyüşə bizi düşünür və müraciət edirlər ki, özünüzü qoruyun, biz də ordumuzu, əsgərlərimizi düşünməliyik"

“Koronavirusa yoluxma sayındakı artım indi bizdən daha da məsuliyyətli olmağı tələb edir. Koronavirusla mübarizə artıq bir nəfərin, bir ailənin deyil, bütün xalqın vəzifəsidir”. Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili Sevil Mikayılova bildirib. Xanım millət vəkili vurğulayıb ki, pandemiyanın ikinci dalğası qonşu ölkələrdə, o cümlədən Avropanın bir sıra ölkələrində özünü ağır formada göstərməkdədir: 

- Pandemiya ilə mübarizədə qalib gəldiklərini elan edən bəzi ölkələr indi daha sərt ikinci dalğa ilə üzləşiblər. Xatırlayırsınızsa, İngiltərə, yaxın qonşumuz Gürcüstan pandemiyaya qalib gəldiyini bildirmişdi.

Amma vəziyyət o həddə çatdı ki, bu ölkələr yenidən özünü təcrid vəziyyətinə düşdü. Virusun aqressivləşəcəyi proqnozlaşdırılırdı və belə də oldu.

Qardaş Türkiyə, şimal qonşumuz Rusiya əvvəlki sərt karantin rejiminə qayıdır.  Bizdə də vəziyyət ürəkaçan deyil və yay aylarında nail olduğmuz uğurlu nəticə - sağalanların sayının yoluxanların sayından çox olması vəziyyəti yenə də vətəndaşlarımızın arxayınlığı ucbatından əleyhimizə dəyişdi.

Sanki əhali yoluxma sayındakı azalmanı görüb arxayınlaşdı və məsuliyyət hissi zəiflədi. Halbuki, indiki məqamda biz əvvəlkindən daha da artıq məsuliyyətli olmalıyıq. Hesab edirəm ki, pandemiya ilə bağlı vəziyyəti gərginləşdirən özümüzük. Azərbaycan Ordusu cəbhədə zəfər tarixi yazır.

İnsan resurslarımız daha çox ora cəlb edilib. Belə vəziyyətdə arxa cəbhədə hər bir vətəndaş üzərinə necə bir məsuliyyət düşdüyünün fərqində olmalıdır. Dünənədək 10 yoluxma halını mənfi göstərici hesab edirdik, bu gün yoluxma sayı 1000-i ötüb.

Deməli, hardasa səhlənkarlığa yol verilir, insanlar qaydalara əməl etmir, nəzarət zəifləyib.  S.Mikayılova qeyd etdi ki, Milli Məclis tərəfindən xüsusi karantin rejimi müddətində tətbiq edilmiş cərimələr bu gün də qüvvədədir. Lakin bəzi hallarda qaydalara məhəl qoyulmur: 

- Pandemiya ilə mübarizəyə cəlb edilmiş strukturlar öhdələrinə düşən vəzifəni yerinə yetirir, dezinfeksiya işləri aparılır, iaşə obyektlərində sosial məsafənin qorunmasına diqqət edilir. Amma təəssüf ki, ictimai nəqliyyatda tibbi maskalardan istifadədə səhlənkarlığa yol verilməsi, qaydalara əməl olunmaması halları var.

Hesab edirəm ki, vəziyyət belə davam edərsə, sərt yoxlamalara, nəzarətin gücləndirilməsinə ehtiyac yaranacaq. Azərbaycan Vətən savaşı apardığı bir vaxtda döyüşən ordunun mənəvi gücü çox əhəmiyyətlidir.

Əsgər ailəsi üçün narahat olmamalıdır, bilməlidir ki, arxa cəbhədə hər şey qaydasındadır. Bir halda ki, əsgərlərimiz döyüşə-döyüşə bizi düşünür və müraciət edirlər ki, özünüzü qoruyun, biz də ordumuzu, əsgərlərimizi düşünməliyik. Ölkədə hərbi vəziyyətdir, komendant saatı tətbiq edilir.

Əslində bu qaydalar bizə koronavirusla mübarizədə əlavə üstünlük verir. Bundan istifadə etməli və qaydalara birmənalı şəkildə əməl etməliyik.