Moskvaya mesaj: “Koçaryan və Sarkisyanı hakimiyyətə gətirməyin”

“Onlar hakimiyyətə gəldikləri təqdirdə, iki ölkə arasındakı münasibətləri qaydaya salmaq mümkün olmayacaq”

“Onsuz da erməni xalqı nə Koçaryanı, nə də Sarkisyanı sevir”

“Onların “əl”i azərbaycanlıların qanına batıb”


Xəbər verdiyimiz kimi, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 23-də Ağdama səfər edib. Ölkə başçısı səfər zamanı Ağdam məscidinin qarşısında çıxış edib. Ali Baş Komandan çıxışı zamanı mühüm məqamlara toxunub.
Prezident qeyd edib ki, 44 günlük müharibə dövründə Azərbaycan Ordusu Ermənistanın keçmiş rəhbərləri olan Koçaryan və Sarkisyan ordusunu məhv etdi:

“Azərbaycan Ordusu  Koçaryan və Sarkisyanı diz çökdürdü. İndi onlar qalan miskin həyatlarını məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqlar. Koçaryan-Sarkisyan rejiminin Ermənistana rəhbərlikləri dövründə erməni xalqına qarşı törətdikləri cinayətlər hər kəsə bəllidir. Onlar həm də erməni xalqının böyük nifrətini qazanıblar. Hətta ağır məğlubiyyətdən sonra belə erməni xalqı onların yenidən hakimiyyətə qayıtmasını istəmir”.

Ali Baş Komandanın fikirlərini yüksək qiymətləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Sherg.az”a bildirib ki, həm Koçaryan, həm də Sarkisyanın “əl”i azərbaycanlıların qanına batıb:

“Sarkisyan özü Xocalı soyqırımdan iştirak etdiyini dəfələrlə etiraf edib. Hətta belə bir fikir söyləyib: “Azərbaycanlılar mülki əhaliyə əl qaldıra biləcəyimizə inanmırdılar. Yəqin ki, Xocalı soyqırımından sonra bunu başa düşəcəklər”. Gördünüyü kimi, bu əxlaqsız və mənəviyyatsız adam dinc əhalimiz üzərində apardığı soyqırımı siyasətindən həzz alır”.

Politoloqun sözlərinə görə, Koçaryan və Sarkisyan torpaqlarımızın işğalında və dinc əhalimizin qətlində iştirak edib. Onlar yenidən hakimiyyətə gəldikləri təqdirdə, yenə də iki ölkə arasındakı münasibətləri qaydaya salmaq mümkün olmayacaq:

“Cənab Prezidentin Ağdamdakı çıxışı həm erməni xalqına, həm də rəsmi Moskvaya bir mesaj idi. Yəni bu şəxslərlə çox yaxınlıq etməyin və onları yenidən hakimiyyətə gətirməyə çalışmayın. Onsuz da erməni xalqı nə Koçaryanı, nə də Sarkisyanı sevir. Bu baxımdan ölkə Prezidenti gələcəyə yönəlik dəqiq proqnozlar verir. Ali Baş Komandanımız həm erməni ictimaiyyətini, həm də Ermənistan siyasi rəhbərliyini himayə edən güc mərkəzlərini təhlükəli durumlar barədə xəbərdar edir”.