Düşmənin cəhdləri puça çıxdı: “KTMT-ni “oyun”a çəkə bilmədi”

“Azərbaycan soyuqqanlı və həssas davranaraq düşmənin qara piarlarının reallaşmasına imkan vermədi”

“Bu həm də prezidentinin müsahibələri, uğurla aparılan informasiya siyasəti nəticəsində mümkün oldu”

“Biz ehtimal olunan təhlükələrin hər birindən yan keçərək tarixi qələbə qazandıq”


Ermənistanın sabiq prezidenti Robert Köçəryanın son açıqlaması müzakirələrə yol açıb. Sabiq dövlət başçısının Türkiyə ilə bağlı söylədiyi fikirlər diqqətdən kənarda qalmayıb. Ermənistanın təcavüzü nəticəsində sentyabrın 27-də başlayan müharibənin nəticələrini təhlil edən Köçəryan təkcə hərbi deyil, həm də diplomatik cəbhədə məğlub olduqlarını dilə gətirib.
O, jurnalistlərlə söhbət zamanı qeyd edib ki, Ermənistan danışıqlara mane olub. Hətta Türkiyəni birbaşa müharibəyə qoşmağa çalışıb, lakin buna nail ola bilməyib:
"Ermənistan etdikləri ilə Azərbaycana beynəlxalq legitimlik qazandırdı".
 Beləliklə, Ermənistanın illərlə davam etdirdiyi məkrli siyasətin, “oyun”ların artıq “keçmədiyini”, indi yalnız haqq, ədalətin zəfər çaldığını görürük. 



“Ağ Partiya” sədri Tural Abbaslı “Sherg.az”a açıqlamasında Köçəryanın sözügedən fikirlərinə münasibət bildirib: 

“Ermənistanın Azərbaycanla təkbətək qalmaq istəmədiyi ilk günlərdən bilinirdi. Reallığı anladıqları üçün üçüncü tərəfin məsələyə qarışmasına, münaqişəsinin miqyasının böyüməsinə çalışırdılar. Məhz adekvat cavab almaqdan ötrü öz ərazilərindən bizim mülki əhalimizi vururdular. Əgər planları reallaşsa idi, müdafiə məqsədilə KTMT-yə zəng edəcəkdilər. Hətta Azərbaycan ordusunda türk əsgərlərinin döyüşməsi ilə bağlı yaydıqları iddialar da birbaşa bizi təhrik etməyə hesablanmışdı.

Ermənistan istəyirdi ki, rəsmi Ankaranı birbaşa iştirakçıya çevirəndən sonra onun düşmənləri ilə eyni cəbhədə birləşsin, daha dəqiq desək, həmin dövlətlərin arxasında gizlənsin.

Planlarının reallaşması naminə ən müxtəlif üsullara, təbliğat kampaniyalarına əl atmaqdan, o cümlədən konfiliktin motivini dəyişməkdən də çəkinmirdilər. Yəni guya ki, bu, ərazi yox, din məsələsidir. Amma bütün cəhdlər puça çıxdı. Azərbaycan soyuqqanlı və həssas davranaraq düşmənin qara piarlarının reallaşmasına imkan vermədi.

Əlbəttə, bu həm də prezidentinin müsahibələri, uğurla aparılan informasiya siyasəti nəticəsində mümkün oldu. Biz ehtimal olunan təhlükələrin hər birindən yan keçərək tarixi qələbə qazandıq”.