İranda prezident seçkilərinin nəticəsi necə olacaq? - Ruhani uduzacaq ! 

İranda iyun ayının 18-nə təyin olunmuş prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydə alınması başa çatır. Bu İslam ölkəsində dini liderdən sonra ölkənin ikinci şəxsinin seçilməsi regionda və beynəlxalq aləmdə diqqət çəkən hadisə ola biləcəyi şübhəsizdir. ABŞ-da keçirilmiş prezident seçkilərindən bir ilə yaxın müddət ötməsindən sonra təşkil ediləcək bu seçkilərdə beynəlxalq, yoxsa regional güclərin söz sahibi olacaqları müzakirə mövzusudur.


 

BDU-nun professoru, politoloq Əlimusa İbrahimov seçkilərin nəticələrinə dair proqnozunu “Sherg.az”la bölüşdü: 

“Ötənilki parlament seçkilərində qalib gəlmiş mühafizəkar  qüvvələrin  reforma tərəfdarlarını onların son dayaqlarından – icraedici hakimiyyətdən məhrum etməyə geniş imkan yaranıb. Bu haqda artıq proqnozlar verilməkdədir. Mühafizəkar prezidentin Amerika və Qərb üçün nə qədər çətin tərəf müqabili olacağı qabaqcadan bilinsə də, beynəlxalq qüvvələr reformaçıların qələbəsi üçün zəruri şəraiti yaratmaq istəmədilər. Onlar İranla daha böyük qarşıdurmanı üstün tuturlar. Başda Həsən Ruhani olmaqla Amerikanın tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına və iqtisadi reformalar keçirməyə nail ola bilməyən reformaçılar çox mürəkkəb vəziyyətlə  üz-üzədirlər: keçmiş prezident Mahmud Əhməd Nejat və Parlament spikeri Məhəmməd Qalibafın da dəstəkləyəcəyi  mühafizəkarlardan birinə qarşı çıxa biləcək və liberal qüvvələri birləşdirmək funksiyasını həyata keçirə bilən şəxsi tapıb ortaya çıxarmaq lazımdır. Martın 16-da start verilmiş prezident seçkisi kampaniyasında 2 mindən artıq namizədin iştirak edəcəyi gözlənilsə də, hələ aydınlaşdırılmalı çoxlu məsələlər mövcuddur. Seçkilərdə iştirak edəcək namizədlərin siyahısı hələ elan olunmayıb. Formal olaraq İran vətəndaşlığını daşıyan, İslam dininə itaət edən, qənaətbəxş tərcümeyi-hala malik hər bir İran vətəndaşı prezident seçilə bilər. Lakin prezident kürsüsünə real namizədlərin sayı barmaqla sayılacaq qədər azdır. Namizədlərin əksəri ən layiqli namizədlərin seçilməsi üçün filtr funksiyasını yerinə yetirən Konstitusiya Mühafizəsi Şurasının keçirdiyi  seçimdə “ilişib qalaraq” “finişə” çata bilməyəcək. Şuranın seçkiyə buraxdığı şəxslərin təbliğat kampaniyası seçkiyə ən azı bir ay qalmış başlayacaq. Məhz bundan sonra hansı cəbhənin nümayəndəsinin  qalib gələcəyi haqqında müəyyən proqnoz vermək olar. Amma indidən İranı Həsən Ruhaninin 8 illik hakimiyyətindən fərqli bir hakimiyətin gözlədiyini demək mümkündür”. 

 Professor, həmçinin ABŞ-ın seçkilərə münasibətindən də danışdı: 

“2013-cü ildə ölkəni beynəlxalq izolyasiyadan çıxarmaq, vaxtı çatmış sosial-iqtisadi reformaları həyata keçirmək  şüarları altında seçkilərdə qalib gələn Ruhani 8 ildən sonra əldə etdiyi heç bir nailiyyətlə fəxr edə bilmir. Bu da mühafizəkarların əlinə qalib gəlmək üçün ciddi arqumentlər verir. Ruhaniyə qarşı irəli sürülən iddialar isə yetərincədir: iqtisadiyyatın geriləməsi, investisiyaların ölkədən çıxarılması, İran İslam Respublikasının bütün tarixi boyu ən yüksək  səviyyədə inflyasiya, fond bazarının yıxılması, dolların kursunun 700 faizlik artımı, mənzil tikintisinin 50 faiz aşağı düşməsi, sosial bərabərsizliyin təhlükəli həddə çatması və s. İndi qarşı cəbhənin nümayəndələri Həsən Ruhaniyə 2013-cü il prezident seçkiləri zamanı onun Mahmud Əhməd Nejada qarşı istifadə etdiyi “Bütün uğursuzluqlara görə prezident cavabdehdir” şüarını xatırladırlar. Tramp hakimiyyətinin 2015-ci ildə bağlanmış 5+1 müqaviləsindən çıxması və bunun ardınca sanksiyaları gücləndirməsi, yeni sanksiyaların tətbiq edilməsi, pandemiyanın yaratdığı problemlər Ruhani hakimiyyətinə vurulan ən böyük zərbə idi. Bunlar reformaçıları 2021-ci ildə keçiriləcək prezident  seçkilərində faydalana  biləcəkləri bütün layihələrdən məhrum etdi. Amerikanın dövlət başçısı Co Bayden “Birgə Əhatəli Fəaliyyət Planına” qayıtmaq fikrində olduğunu ifadə edən işarələr versə də, bu sahədə ciddi irəliləyiş yoxdur. Ehtimal olunur ki, Amerika  seçkilərin taleyinə təsir göstərə biləcək addım atmayacaq. Çünki bu dövlət yenə də İranın sanksiyaların qeyd- şərtsiz olaraq aradan qaldırılması çağırışlarına müsbət cavab vermir. Uğursuzluqlara baxmayaraq, Ruhani hökuməti axıra  qədər mübarizə aparmaqda israrlıdır. Son zamanlar İranın Çin Xalq Respublikası ilə “İkitərəfli Əhatəli strateji Əməkdaşlıq” haqqında müqavilə imzalaması və Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına üzv olmaq haqqında danışıqlar aparması elektoratın reformaçılara tərəf istiqamətlənməsində mühüm rol oynayacağını göstərir. Xüsusilə Çin ilə imzalanmış və müxtəlif sahələri əhatə edəcək müqaviləyə İranda böyük ümidlə baxırlar. 25 il ərzində olsa belə, Çinin vəd etdiyi 450 milyard dollarlıq investisiya İran üçün çox böyük əhəmiyyət kəsb edəcək. Amma bu müqavilədən yaxın gələcəkdə keçiriləcək seçkilərdə reformaçıların bir nailiyyət kimi istifadə edə biləcəyi mürəkkəb görünür. Müqavilənin lazımi səviyyədə təbliğ olunması üçün qalan vaxt və imkandan maksimum istifadə edilərsə, buna nail olmaq mümkündür”. 

 Politoloq digər əsas namizədlərin adlarını da açıqladı:

“Digər tərəfdən belə şəraitdə ötən ilin fevral ayında keçirilmiş parlament seçkilərində inamlı qələbəyə imza atmış və parlamentə nəzarəti  ələ keçirmiş mühafizəkarların prezident postunu da əldə etmələri üçün hər cür imkanları var. İyun seçkilərində mühafizəkarların irəli çıxaracaqları və qalib gəlmək imkanları olan namizədlər arasında keçmiş prezident Mahmud Əhməd Nejadın, 2013-cü ildə keçirilən seçkilərdə Həsən Ruhaninin əsas rəqibi olmuş Tehran şəhərinin keçmiş meri və hazırkı parlament spikeri Məhəmməd Qalibafın və Ali Məhkəmənin sədri İbrahim Rəisinin adı hallandırılır. İbrahim Rəisi 2017-ci ildəki seçkilərdə iştirak etmiş və Həsən Ruhaniyə bu seçkini uduzmuşdur. Reformaçılara gəlincə, onların sırasında mühafizəkar qüvvələrlə rəqabətə girə biləcək potensial namizəd gözə dəymir. Həsən Ruhanidən sonra onun komandasında ən ciddi fiqur xarici işlər naziri Cavad Zərif hesab olunur. Amma onun prezident olmaq ambisiyaları haqqında ciddi məlumat yoxdur. Bu sırada yenə də keçmiş prezident Məhəmməd Hatəminin imkanlarını yüksək qiymətləndirir və ona reformaçıları bir arada birləşdirə biləcək qüvvə kimi baxırlar. Qeyd olunanlar İranda iyun ayı üçün nəzərdə tutulan seçkilər haqqında bugünkü vəziyyətdən çıxış edərək verilə bilən proqnozlardır. Amma seçkidə iştirak üçün qeydiyyatdan keçən namizədlərin siyahısının dərc olunması günündən başlayaraq, hətta seçki bitənədək zaman-zaman yeni sürprizlərin ortaya çıxacağı şübhəsizdir”.