Yaxın zamanda uşaqları zərərli informasiyalardan qorumaq mümkün olacaq. Azərbaycanda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks ediləcək. Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Sənədə yeni 13-2.6-cı bənd əlavə olunur. Yeni bəndə görə, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.
Xatırladaq ki, Təhsil Nazirliyinin “Filtrasiyalı internet” proqramı tətbiq edirdi. Bu proqram 2008-2012-ci illəri əhatə edən “Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “ENGINET” şirkətinin tərəfdaşlarından biri olan “AzEduNet” MMC tərəfindən həyata keçirilirdi və ölkədə təhsil müəssisələrində şagirdlərin İnternetdə təhlükəsizliyini təmin edirdi. Layihə çərçivəsində valideynlər “Təhlükəsiz İnternet” mobil xidmətinə qoşularaq övladlarını təhsil müəssisələrindən kənarda da arzuolunmaz onlayn məzmunlardan qorumaq üçün idi.
Filtrasiya edilmiş “Uşaq İnterneti” xidmətini Azərbaycanda ilk dəfə olaraq “ENGİNET” şirkəti tətbiq edib. “Uşaq İnterneti” xidməti uşaqları “Pornoqrafiya, 18+”, “Zorakılıq”, “Ekstremizm-Psixoloji təsirlər”, böyüklər üçün nəzərdə tutulmuş sosial şəbəkələrdən qoruyurdu.
Amma şərtlər artıq dəyişib. İndi hər kəsin əlində smartfonlar var, böyüklü-kiçikli hamı hər şeyə baxır.
Qanuna dəyişiklik müsbət nəticə verəcəkmi?
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva “Şərq”ə açıqlamasında qanuna dəyişikliyin vacib olduğunu dedi:
- Qanuna dəyişikliyi dəstəkləyirəm. İstərdim, bu dəyişiklik tezliklə qəbul olunsun. Çünki söhbət uşaqlarımızın gələcəyindən gedir. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni mütləq əks olunmalıdır. Bu, uşaqları zərərli vərdişlərin əks olunduğu video-materiallardan, açıq-saçıq materiallardan, uşaqların yaş həddinə uyğun gəlməyən təhlükəli paylaşımlardan qoruyar. Hesab edirəm ki, qanuna dəyişikliyin qəbul olunması vacibdir.