Namizəddən etiraz: “Bu qanun pozuntusudur”

“Bələdiyyə sədrləri və icra hakimiyyətlərinin ərazi nümayəndələri bəzi namizədlərə vəkillik edərək ən yaxşı yerlərdə görüşlər təşkil edirlər”.

Sherg.az-ın xəbərinə görə, bu barədə 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizəd, jurnalist, şair Tural Turan Feysbuk səhifəsində yazıb.

Namizəd bildirib ki, həmin kəndlərdəki etibarlı mənbələrdən aldıqları məlumatlara görə, yerli orqanlar və bələdiyyə sədrləri rayon icra hakimiyyəti başçılarının birbaşa tapşırığı ilə konkret hansısa namizədin təbliğatını aparırlar: 

“İstənilən halda hər iki tərəf məsuliyyət daşıyır. Amma digər namizədlərə gələndə “bizim belə səlahiyyətimiz yoxdur” deyirlər. Bu qanun pozuntusu olmaqla yanaşı, seçkinin şəffaf keçirilməsinə də mənfi təsir göstərir. Məlumata görə, Samuxun və Şəmkirin icra başçıları digər namizədlərə seçicilərlə izdihamlı görüşlərin keçirilə bilməməsi üçün yerli icra orqanlarına tapşırıqlar verib. Məsələni diqqətdə saxlayıram. Aidiyyatı qurumlara rəsmi müraciətlər ediləcək”.