"COVİD-19 artıq əbədiyyətə qovuşub"


"Artıq kütləvi immunitetin formalaşdığını söyləmək olar"

Professor: "Mən koronavirusun kontakt yolu ilə olmadığını demişdim, alman alimlər də təsdiqlədi"

"Covid-19"a yoluxmanın ən əsas yolu insanların nəfəs-nəfəsə dayanması, qucaqlaşması, xüsusən də öpüşməsidir"

Nə məhdudiyyətlərin tətbiqinə, nə toyların, nə kütləvi şənlik və nə də digər tədbirlərin dayandırılmasına heç bir elmi əsas yoxdur


"Son günlər koronavirusun statistikasındaki gündəlik artım dinamikası, insanlara yenidən qorxu, həyəcan, ümidsizlik və gərginlik yaşadır. Dəfələrlə bildirmişəm ki, simbioz yaşam qanunlarına uyğun olaraq, istənilən aqressiv virus ştammı, zaman keçdikcə, dövrü olaraq mutasiyaya məruz qalmalı və yeni-yeni mutantlar əmələ gətirməlidir. RNT nuklein ardıcıllığının kəmiyyət və keyfiyyət tərkibində fərqlilik olan bu mutantlar, törətdiyi bəzi potensial klinik əlamətinə görə, “ana” ştammdan daha aqressiv və ya zəif ola bilər. Lakin heç bir halda kəskin ağırlaşma törətmə və letallığına görə ondan üstün ola bilməz. Odur ki, fərqli yanaşmalardan asılı olmayaraq, hər bir kəs bilməlidir ki, hazırda "Covid-19"un müşahidə olunan artımı, hətta bir neçə rəqəmli səviyyəsinə yüksəlsə belə, heç bir ciddi fəsadlara yol aça bilməz".

 Bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında deyib. Onun sözlərinə görə, "Covid 19"a yoluxma zamanı 87 faiz hallarda xəstələr bu infeksiyanı simptomsuz keçirir, bəzən isə ona heç bir dərman müdaxiləsi tələb olunmur:

"Bu və ya digər dərəcədə tibbi müdaxilə yalnız 13 faiz hallarda (hər 100 xəstədən 13-də) lazım gəlir. Bu halda belə, kritik durumda olanların faiz nisbəti 0,4-0,6 faizdir (hər 1000 xəstəyə 4-6 nəfər). Bu şəxslər arasında da ölüm, əsasən, ciddi yanaşı xəstəliyi olan, immun sistemi tükənmiş və ya qeyri-professional yanaşma və profilaktik məqsədlərlə uzunmüddətli antiviral, hormonal və antibiotik müalicəsi alan şəxslər qrupunda daha çox müşahidə olunur". 

Professor diqqətə çatdırıb ki, koronavirusun arzuolunmaz fəsad və nəticələrinə görə, ölkəmizdə vəziyyət, hətta əksər ölkələrdən xeyli dərəcədə yaxşıdır:

"Belə ki, xəstəlikdən sağalma faizi təqribən 96 faizdir. Hazırda aktiv xəstə sayı ümumi yoluxmanın 2,6 faizini təşkil edir. Letallıq, yəni ölüm halı, ümumi xəstələnmənin cəmi 1,4 faizi qədərdir. Bu faiz nisbəti isə söylədiyim məlum qruplara daxil olan şəxslərdir. Digər tərəfdən, ölkəmizdə əhalinin ümumi sayı 10 milyonun üstündədir. Hazırda peyvənd alanların sayı isə 5 milyondan artıqdır. Bu hal, xəstəliyə tutulub yoluxanlarla birlikdə, artıq kütləvi immunitetin formalaşmasını söyləməyə mütləq mənada əsas verir. "Covid-19"un statusu artıq fəsli infeksiya statusunun hətta altındadır. İnsan bütün ömrü boyu 200-220-dəfə müxtəlif mikrob, virus və s. infeksiyalara yoluxur. Yəni insanın orta ömür müddəti 75 olsa, hər il 2,5-3 dəfə olmaq şərtilə. Bu infeksion və qeyri-infeksion xəstəliklərin praktik olaraq bütün klinik əlamətləri, başlanğıc mərhələdə "Covid-19"dan fərqlənmir. Mən "Covid-19"a yoluxmanın kontakt yolu ilə olmadığının elmi məntiqə əsaslanan izahını vermişəm və yeganə yoluxma yolunun tənəffüs havası vasitəsilə olduğunu göstərmişəm. Mənim 2020-ci ilin martında söylədiyim bu mülahizələr hazırda məşhur alman alimi, virusologiya professoru, Bonn Universiteti Virusologiya İnstitutunun direktoru Hendrik Ştrek və həmkarlarının apardığı tədqiqatlarda öz təsdiqini tapdı. Odur ki, mənə inanmasaz da H.Ştrek və həmkarlarının apardığı akademik elmi tədqiqatlara inanın. Yəni "Covid-19"a yoluxmanın ən əsas yolu insanların nəfəs-nəfəsə dayanması, qucaqlaşması, xüsusən də öpüşməsidir. Mən bu günlərdə bir toy mərasimində iştirak etdim. Orada insanların bir-biri ilə necə qucaqlaşıb öpüşdüyünü görüncə, dəhşətə gəldim. Onlar bir-birilə sanki uzun illər görüşməyən doğmalar kimi qucaqlaşır və ən azı 3 dəfə öpüşürdülər. Düzdür, qarşılaşdığım bu “ağılagəlməz” ünsiyyət forması mənim üçün nə qədər ürəkağrıdıcı olsa da, digər tərəfdən düşündüm ki, bu hal kütləvi - yəni 5-6 rəqəmli yoluxmaya səbəb olmursa, deməli, "Covid-19" bir infeksiya kimi artıq əbədiyyətə qovuşub. Çünki burada başqa bir məntiq tapa bilmədim". 

Hazırda "Covid-19"a yoluxmanın 1000-i keçməsinə gəlincə, tibb elmləri doktoru qeyd edib ki, onun səbəbinin müəyyənləşdirilməsi üçün hətta sadə monitorinqin aparılması belə yetərlidir:

"Diqqət edin, yoluxmanın kəskin artması 27 iyuldan sonrakı dövrə təsadüf edir. İnfeksiyanın inkubasiya müddətinin təqribən 5 gün olduğunu nəzərə alsaq, nisbi artımın baş vermə ehtimalı iyul ayının 23-ü və sonrakı günlərə təsadüf edir. Yəni bu artım nə toylar, nə də digər lokal şəkildə təşkil olunan kütləvi tədbirlərlə əlaqəli deyildir. Odur ki, nə məhdudiyyətlərin tətbiqinə, nə toyların, nə kütləvi şənlik və nə də digər tədbirlərin dayandırılmasına heç bir elmi əsas yoxdur. Sadəcə olaraq, ilkin səbəblər araşdırılmaqla, ilk növbədə birbaşa tənəffüs kontaktına səbəb olan istənilən ünsiyyət formasına qadağa qoyulmalı, icrasına nəzarət edilməli və bu qadağaları pozanlar ciddi şəkildə cəzalandırılmalıdır. Yaxşı olar ki, cərimələnsinlər. Çünki bu halda, hətta "cərimələnmələr olacaq" sözü rəsmi şəkildə söylənilərsə belə, artıq bir kimsə nə qucaqlaşacaq, nə öpüşəcək, nə də nəfəs-nəfəsə dayanacaq. Bundan sonra, hətta ictimai nəqliyyat vasitələrində belə sıxlıq müşahidə olunmayacaq. Bax, o vaxt biz "Covid-19"a əbədi əlvida deyəcəyik".