İşlər başlayıb, Zəngəzura yol çəkilir


Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu iqtisadi və strateji baxımdan xüsusi mövqeyə malik olacaq


Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Bu avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, sözügedən yolun uzunluğu 123, 8 kilometr olacaq. Həmçinin, yol 4-6 hərəkət zolağından ibarət olacaq.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov  "Şərq"ə yeni yolun əhəmiyyətindən danışıb. O qeyd edib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələr içərisində xüsusi paya malikdir:

"Nəzərə alsaq ki, bu yol Horadizlə Zəngilanı birləşdirəcək və Zəngəzur dəhlizinin bir elementi olacaq. Artıq işlər gedir və intensiv şəkildə biz yolun inşaatını müşahidə edirik. Bu yol praktik olaraq Cəbrayıldan keçməklə, işğaldan azad olunmuş ərazilərimizin infrastrukturuna da,  xüsusən də nəqliyyat və logistik infrastrukturunun formalaşmasına xüsusi töhfə verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra şərq-qərb, eləcə də şimal-cənub nəqliyyat dəhlizinin elementi olacaq və həmin dəhlizlərə inteqrasiya olunacaq. O baxımdan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu iqtisadi və strateji baxımdan xüsusi mövqeyə malik olacaq. Bu, bir tərəfdən qeyri-neft sektorunda yükdaşımalara da xüsusi təkan verəcək".

V.Bayramov diqqətə çatdırıb ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu işğaldan azad olunmuş ərazilərimizdə istehsal edilən məhsulların daha geniş bazara çıxarılmasını da təmin edəcək:

"Bu yol həm də Azərbaycanın qərb hissəsinin Naxçıvan Muxtar Respublikasının quru nəqliyyat vasitəsinin birləşməsinə imkan verəcək. Ona görə də o, strateji əhəmiyyət daşıyır və Azərbaycan iqtisadiyyatına, xüsusən də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşmasına xüsusi töhfəsinin  olacağı gözlənilir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastrukturlar, o cümlədən nəqliyyat və logistik layihələr Azərbaycan iqtisadiyyatında böyümə, artım tempini daha da gücləndirəcək. Bütövlükdə bu ərazilərimiz Azərbaycanda iqtisadiyyatın təxminən 10 faiz yaxın artımına imkan yaradacaq. Nəticə etibarı ilə biz işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələr istifadəyə verildikdən və iqtisadiyyat yenidən formalaşdıqdan sonra ölkə iqtisadiyyatında artım tempini görəcəyik. Hətta onun ikirəqəmli həddə qədər yüksələcəyini gözləyirik. Bu da təbii ki, iqtisadiyyatın inkişafı baxımından çox ciddi bir rəqəmdir".