İsraildən daha 2 milyard dollarlıq silah alırıq

Bu onu göstərir ki, dövlətimiz öz torpaq bütünlüyünün tam təmini üçün əlindən nə gəlir edəcək

"Azərbaycan İsrail şirkətlərindən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparır". Bu haqda İsrailin nüfuzlu "İsrael Hayom" nəşri məlumat verib. Nəşrə görə, yeni silahların alınması üçün iki əsas amil göstərilir. Birincisi, Azərbaycan və Ermənistan arasında köhnə sərhədlər boyunca gərginliyin davam etməsidir. İkinci faktor kimi Azərbaycanın İkinci Dağlıq Qarabağ müharibəsində qələbə qazanmasından sonra İsraillə münasibətlərinin dərinləşməsidir".

Millət vəkili Sahib Alıyev "Şərq"ə açıqlamasında deyib ki, İsrail təkcə sözdə deyil, əməldə də bizim yanımızda yer aldığını təsdiqləyib:

"Bu doğrudursa, onu ancaq alqışlamaq olar. Birincisi, ona görə ki, oradan aldığımız hərbi texnika həm 2016-cı ilin aprel döyüşlərində, həm də ikinci Qarabağ savaşında yüksək effektliliyilə diqqət çəkdi. Halbuki öz istehsal etdiklərinin tərifini göylərə qaldıran bəzi dövlətlərdən alınan silah-surastın müəyyən bir hissəsi onlara ehtiyac duyulmaması üzündən elə həmin ikinci Qarabağ savaşında anbarlarda yığılıb qalmışdı ki, çıxışlarından birində cənab Prezident də buna toxunmuşdu. İkincisi, ikinci Qarabağ savaşından sonra Azərbaycanın torpaq bütünlüyü məsələsində əvvəlkindən guya fərqli mövqe sərgilədiklərini bildirsələr də, əl-altdan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüsünün Qarabağda möhkəmlənməsinə çalışanlardan, oradakı separatçı ünsürlərə tırlarla yardım daşıyanlardan fərqli olaraq İsrail təkcə sözdə deyil, əməldə də bizim yanımızda yer aldığını təsdiqləyib. Ona görə də fikirləşirəm ki, biz ən qabaqcıl silah-sursat istehsalçılarının ilk üçlüyündə olan bu dost dövlətlə təkcə hərbi-texniki deyil, hərbi-siyasi əməkdaşlığı da dərinləşdirəcək və ticarət təmsilçiliyinin ardından tezliklə orada səfirlik də açacağıq. Üçüncüsü, əgər haqqında söhbət gedən anlaşma da baş tutarsa, dost İsraildən təqribən 7,5 milyard dollarlıq silah-sursat almamız, qardaş Türkiyə və Pakistanla hərbi əməkdaşlığı genişləndirməmiz, bu ilin birinci yarısında müdafiə-təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artırmamız onu göstərir ki, dövlətimiz öz torpaq bütünlüyünün tam təmini üçün əlindən nə gəlir edəcək. Və kimliyindən asılı olmayaraq buna maneçilik törətməyə çalışanların hərəkətlərinə də seyirçi qalmaq fikrində deyil. Azərbaycan Müdafiə Nazirliyinin Rusiyanın üzərinə götürdüyü öhdəliyə tam əməl etməyən hərbi kontingenti haqda son açıqlaması, Qarabağın onların müvəqqəti nəzarətində olan hissəsindən bu gün də Şuşa, Xocalı və Füzulidəki mövqelərimizi atəşə tutanlara tırlarla yük, yardım göndərən İranın Bakıdakı səfirinə verilən nota da məhz bunun təsdiqidir".