Rusiya Ermənistanda itirilmiş nüfuzunu bərpa etməyə çalışır

Rus sülhməramlıları Xankəndidəki ermənilərə 40 litr qan verdilər

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Xankəndidə qanvermə aksiyası keçiriblər. Onlar nəzarətlərində olduqları ərazilərin ucqar kəndlərində yaşayan və Xankəndidəki xəstəxanalarda müalicə olunan ermənilər üçün 40 litr qan veriblər.

Qeyd edək ki, hərbi qulluqçular tərəfindən qanvermə aksiyası yerli hakimiyyət dairələrinin Rusiyanın sülhməramlı kontingentinin Humanitar Münasibət Mərkəzinə müraciətindən sonra könüllü qaydada həyata keçirilib. Təqribən 100 hərbi qulluqçu müraciətə cavab olaraq qanlarını könüllü olaraq veriblər".

44 günlük Vətən müharibəsi zamanı Rusiyanın Ermənistanda nüfuzunu çox itirdiyini deyən politoloq Rusif Məmmədsoy "Şərq"ə açıqlamasında vurğulayıb ki, indiki proseslər həmin nüfuzun artırılmasına yönəlib:

"Əslində bütün bunlar simvolik xarakter daşıyır. Bundan öncə də həmin sülhməramlılar ermənilərə taxıl biçinində yardım edirdilər. Bu zaman belə bir sual yaranır. Rusiyalı sülhməramlıların öhdəliyində belə maddələr varmı? Təbii ki, yoxdur. Bəs məqsəd nədir? Məqsəd də bəllidir. Bir az öncə dediyim kimi öz nüfuzlarını artırmaq. Ancaq bu bizim üçün vacib deyil. Bizim üçün vacib olan odur ki, həmin sülhməramlılar öz missiyalarını yerinə yetirsinlər, ikili standartlardan uzaq olsunlar və ən əsası bölgədəki silahlıları tərksilah etsinlər. Laçın dəhlizinə nəzarəti gücləndirsinlər, həmin dəhlizdən silahlılar necə keçir, kimlər şərait yaradır, onu aşkar etsinlər. Təbii ki, bunlar ritorik suallardır. Cavabını hər birimiz bilirik. Onların diqqətinə çatdırmaq lazımdır ki, öz işləri ilə məşğul olsunlar. Əgər bacarmırlarsa, növbəti 5 ili gözləməyimizə ehtiyac qalmayacaq. Özümüz də bacararıq...".