ABŞ bu dəfə dəyərləndirdi: Azərbaycanda məişət zorakılığı ilə bağlı görülən işlər çoxdur


ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini təqdirəlayiq hesab edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib ki, Baş Prokurorluğun Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayır. Vurğulanıb ki, dünyada milyonlarla qadın məişət zorakılığının qurbanı olub:

"Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbəri bizi dərindən kədərləndirir. Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacağıq".

Azərbaycanda hər il münaqişəli ailələrlə bağlı mütəmadi olaraq işlərin görüldüyünü deyən "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ-ın Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışlaması çox sevindirici haldır. O qeyd edib ki, ABŞ hər zaman ikili standartlarla çıxış edib, lakin bu dəfə birtərəfli mövqeyi həqiqətən də qürurvericidir:

"Ümumiyyətlə, qeyd edim ki, bizim təşkilat daimi olaraq problemli ailələrlə işləyir. Biz polis bölmələrində olan münaqişəli ailələrin siyahılarını götürürük və o ailələrə baş çəkirik. Həmçinin, onlara pulsuz olaraq psixoloji və hüquqi yardımlar göstəririk, yəni bu, təşkilatımızın missiyasıdır. Ailələrin dağılmasının qarşısının alınması ilə bağlı mütəmadi olaraq bu cür layhələri icra edirik. Bir məsələni diqqətə çatdırım ki, ümumiyyətlə, münaqişəli ailələrdə problemlər çoxdur. Onlarla işləmək və kontakta girmək həddindən artıq çox çətindir. Amma hardasa çalışırıq ki, köməklik edək. Azərbaycanda məişət zorakılığı ilə bağlı görülən işlər də xeyli çoxdur. Hətta bununla bağlı bir sıra qanunlar qəbul olunub, onların icrası ilə bağlı dövlət tərəfindən tapşırıqlar verilib və komissiyalar yaradılıb. Hər dəfə bilirsiniz ki, bölgələrdə konfranslar keçirilir və maarifləndirmə işləri aparılır. Azərbaycanda olan xarici beynəlxalq təşkilatların özlərinin iştirakıyla məişət zorakılığı ilə bağlı hesabatlar dinlənilir. ABŞ-ın Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini dəstəkləməsi, hesab edirəm ki, ölkəmizdə görülən işlərin səmərəliyindən xəbər verir. Təbii ki, bu da çox gözəldir".