DTX qanunsuz silahlı birləşmənin üzvlərini "dənləyir"

Sülhəddin Əkbər: "Hər bir ölkənin terrorizmə qarşı mübarizədə dövlət siyasəti olmalıdır"

"Terrorizmə qarşı mübarizədə ilk növbədə ölkədə düzgün informasiya siyasəti həyata keçirilməlidir"


Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar. İstintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.
Aparılmış araşdırmalara əsasən məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər. Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Bəs, bu kimi halların sayının minimuma endirilməsi üçün hansı addımlar atılmalıdır?

Hər bir dövlətin terrorizmə qarşı  mübarizə üçün kompleks tədbirlər hazırladığını deyən MTN-in keçmiş zabiti Sülhəddin Əkbər "Şərq"ə açıqlamasında deyib ki, bu sahədə ümumiyyətlə, dövlət siyasəti olmalıdır:

"Çünki bu məsələ çoxtərəfli məsələdir. Bunun siyasi, diplomatik, iqtisadi, təşkilati, hüquqi, hərbi, kəşfiyyat, təhlükəsizlik və s. kimi çoxsaylı tərəfləri var. Terrorizmə qarşı mübarizədə ilk növbədə ölkədə düzgün informasiya siyasəti həyata keçirilməlidir. O baxımdan burda dini idarənin də üzərinə böyük iş düşür. Çünki bizim həm ilahiyyatçı alimlərimiz, həm də dindarlarımız bu sahədə dindar vətəndaşlarımıza, möminlərimizə islam dinimizin doğru  şərhini verməlidir. Hesab edirəm ki, dinimizin əsasları düzgün öyrədilərsə, təbliğ olunarsa, təbii ki, bu yola düşənlərin də sayı az olar. Bütün bu işlər kompleks şəkildə davamlı həyata keçirilərsə, o zaman təbliğat və təşviqata da ehtiyac qalmaz. Amma onu nəzərə almaq lazımdır ki, bu, istənilən halda dünyanın xarici ölkələrinin xüsusi xidmət orqanlarının diqqətini cəlb eləyən bir sahədir. Bu faktdır ki, xüsusi xidmət orqanları hər zaman bu istiqamətdə fəaliyyət göstərəcəklər və  öz diqqət mərkəzinə düşən adamları da bu işə cəlb edəcəklər. Sadəcə çalışmaq lazımdır ki, bu şəxslərin sayı minimuma endirilsin və nəzarət artsın. Bu istiqamətdə xüsusi təhlükəsizlik orqanlarının üzərinə böyük iş düşür".