Bakıda anlaşma memorandumu imzalandı

Müharibədən sonra regionda düzən dəyişib

Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək


Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli ölkələr arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb. İmzalanmadan əvvəl çıxış edən Türkiyənin Ticarət naziri Mehmet Muş deyib ki, türkdilli ölkələrin əhalisinin sayı 160 milyon nəfər, illik iqtisadiyyatının ümumi dəyəri isə 1,1 trilyon ABŞ dollarıdır. Türkiyəli nazir Azərbaycanla imzalanmış və bu ildən qüvvəyə minmiş preferensial ticarət sazişi barədə də danışıb və oxşar sənədin Özbəkistanla da imzalana biləcəyini deyib.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, sənəd ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı investisiya qoyuluşlarının artırılmasını da təşviq edəcək. Millət vəkili vurğulayıb ki, türkdilli ölkələrin inkişafı üçün vacib olan Türk İnvestisiya Fondu da üzv ölkələrə sərmayə qoyuluşlarının artmasına imkan verəcək:

"Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər. Azərbaycan və Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək. Azərbaycanın Vətən müharibəsindəki zəfərindən sonra regiondakı düzən də dəyişib. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq. Dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yükdaşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq".