Sərhədi pozanlara atəş açıldı


İran-Azərbaycan sərhədində bir nəfər yaralanıb, iki nəfər qaçıb

Politoloq: "Baş verənlər fars rejiminin Azərbaycana qarşı məqsədli şəkildə apardığı siyasətin tərkib hissəsidir"


Sentyabrın 8-də saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz’” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında bildirilib. Xəbərə görə, sərhəd naryadının “Dayan” komandasına, havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib. Sərhəd pozucularından 1-i yaralanıb, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Qol nahiyəsindən yüngül yaralanmış sərhəd pozucusu Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, zəruri tibbi yardım göstərilib. Araşdırma zamanı saxlanılan şəxs özünü İİR vətəndaşı 1981-ci il təvəllüdlü Zəmani Mirəsgər Mirağa kimi təqdim edib. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Baş vermiş hadisə barədə İran tərəfi məlumatlandırılıb. Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi istiqamətdə dövlət sərhəd xətti boyu ərazi qapadılıb.

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, İranın Azərbaycan sərhədlərində narkotik alverçilərinin təxribat xarakterli hərəkətləri hər zaman olub. Politoloq qeyd edib ki, bu, fars rejiminin Azərbaycana qarşı məqsədli şəkildə apardığı siyasətin tərkib hissəsidir: "Ölkəmizdə narkotik alverinin və tranzitinin, eyni zamanda istehsalının əsas təşkilatçısı İrandır.

Bu, əlbəttə ki, İran tərəfindən dövlətimizə qarşı elan edilməmiş müharibədir. Böyük ehtimalla, İranın bu əməllərinə Azərbaycanda dəstək verən və idarə edən cinayətkar qrup və ya qruplar mövcuddur. İran fars rejimi bu hərəkət ilə dövlətimizin dayaqlarını sarsıtmağa çalışır. İranın məqsədi Azərbaycanda gənclərin və yeniyetmələrin narkotik bəlasına düçar olmasını və cəmiyyət üçün yararsız hala düşməsini təşkil etməkdir".

A.Qasımov əlavə edib ki,  İran dövlətinin əsas gəlir mənbəyinin bir hissəsi narkotik alveri və onun tranzitidir:

"Burdan əldə edilən gəlir beynəlxalq səviyyədə "Hizbullah", "Haşdi-şabi" və s. kimi terrorçu qrupların maliyyələşməsinə sərf edilir. İran hər il belə qrupların maliyyələşməsinə 50 milyard dollardan çox pul xərcləyir. İran xalqı səfalət içində yaşadığı halda, İran fars rejimi dünya düzənini pozan əməllərlə məşğuldur.

Bu rejim xalqın güzəranının yaxşılaşdırılması üçün fəaliyyət göstərməkdənsə, region ölkələrin daxili işlərinə qarışaraq, ilk növbədə beynəlxalq təhlükəsizliyi təhdid edir".