Bu gün Milli Məclisin iclasında millət vəkili Aydın Mirzəzadə 7 iyul tarixi ilə bağlı təklif irəli sürüb. Parlamentari diqqətə çatdırıb ki, Azərbaycanda 7 iyul “Zəngəzur günü” kimi elan olunsun: “1923-cü ilin 7 iyul tarixində Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti formalaşdırılıb. 2021-ci ilin iyulun 7-də isə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu, tarixi ədalətin bərpası idi”.
Təklifi dəyərləndirən tarixçi-alim Faiq Ələkbərli “Sherg.az”a bildirib ki, 7 iyul “Zəngəzur günü” elan edilməsi prinsip etibarilə mümkündür:
“Ümumiyyətlə, Qarabağ bizim üçün nə dərəcədə önəmlidirsə, Zəngəzur da o qədər vacibdir. Tarixdən də bilirik ki, Zəngəzur Azərbayan torpaqları olub, Azərbaycan türklərinin, dövlətlərinin həmişə bir hissəsi olub. Bu anlamda indi Şərqi Zəngəzur Azərbaycan Respublikasının ərazisidir. Bu gün Qərbi Zəngəzur isə bildiyimiz kimi vaxtilə SSRİ dövründə rəsmi Moskvanın təzyiqləri nəticəsində Ermənistana verilib. Azərbaycan SSRİ rəhbərliyi Qərbi Zəngəzuru Ermənistan SSRİ-nin tərkibinə qatılmasına etiraz edə bilməyib. Bu bir gerçəklikdir. Bu, o demək deyil ki, biz Zəngəzur məsələsində əl çəkməliyik. Əlbəttə, Zəngəzur Azərbaycan torpaqlarının bir hissəsidir. Bu, dünən də belə olub, bu gün də belədir”.
F.Ələkbərlinin qənaətincə, Zəngəzurun Azərbaycanın bir hissəsi olması baxımından “Zəngəzur günü”nün elan edilməsi çox mühümdür:
“Zəngəzur məsələsinin də Qarabağ məsəsləsi kimi diqqətdə saxlanılması vacibdir. Şübhəsiz ki, bu kimi təkliflərin meydana çıxması da təsadüfi deyil”.
Tarixçi qeyd edib ki, bu, Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi Qərbi Zəngəzura da qayıdacağımıza işarədir:
“Azərbaycanlılar yenə də Zəngəzur torpaqlarında yaşamağa davam edəcəklər. Tarix gec-tez öz həqiqəti ilə ortaya çıxacaq. Bu baxımdan “Zəngəzur günü”nün təsis edilməsi təklifini müsbət qiymətləndirirəm”.
Müsahibimiz vurğulayıb ki, əsas məqsəd böyük Azərbaycanımızın bütün torpaqlarına sahib çıxmaqdır:
“Ümid edirik ki, bu, bir gerçəkliyə çevriləcək”.
Sücayət Mehti