Zəngəzur dəhlizi ilə bağlı danışıqlar olacaq


"Belə məqamda Minsk Qrupunun yenidən dirçəldilməsinə qətiyyən ehtiyac yox idi"

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilərlər. Prezident İlham Əliyev də Fransa telekanalına verdiyi müsahibədə belə bir görüşə etiraz etmədiyini qeyd edib. Ekspertlərin fikrincə, görünür, Azərbaycan tərəfi öz şərtlərini qəbul etdirdiyinə görə həmsədrlərin regiona səfərinə etiraz etmir. Onların qənaətincə, bu şərtlər - Ermənistan və Azərbaycan arasında mümkün sülh danışıqlarına töhfə vermək və Qarabağ məsələsini müzakirə etməməkdir. Yəni həmsədrlər sadəcə iki ölkə arasında münasibətlərin qurulması istiqamətində vasitəçilik edəcəklər.

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki,  ABŞ və Fransa bir müddətdən sonra “status” məsələsini gündəmə gətirə bilər. Əgər belə addım atarlarsa, növbəti dəfə iki ölkə arasında təmasların qurulması mümkün olmayacaq: 

“Minsk Qrupu öncə 10 noyabr birgə bəyannaməsinin yerinə yetirilməsinə çalışmalıdır. Əgər bu baş verməsə, ümumiyyətlə, bu formatdan imtina etmək lazımdır. Həmsədrlərin iki ölkə liderlərini bir araya gətirməsi mümkündür. Lakin Ermənistan tərəfinin mövqeyinin dəyişməsi ehtimalı azdır. Əgər hansısa görüş təşkil olunacaqsa, prosesin Bakı-Moskva-Ankara üçlü formatı çərçivəsində reallaşması daha faydalı olar. ABŞ və Fransanın yenidən prosesə qatılması ümumi vəziyyəti gərginləşdirəcək. Məlum olduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçidə görüşdən sonra Putin Nikol Paşinyanı Moskvaya dəvət edib. Görünür, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar olacaq. Belə məqamda Minsk Qrupunun yenidən dirçəldilməsinə qətiyyən ehtiyac yox idi. Görünür, rəsmi Bakı Vaşinqtondan artan təzyiqləri neytrallaşdırmağa çalışır”.