Bakının sülh, sabitlik təklifi dəyər qazanmalıdır



Bu istiqamətdə Avropa İttifaqının Ermənistana təsiri daha çox ola bilər

“Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən deyib. Azərbaycan lideri qeyd edib ki, Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər:

“Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, - mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər”. 

Ölkə başçısının Ermənistan rəhbərliyi ilə görüş ehtimalını və bununla bağlı Avropa İttifaqına çağırışını “Şərq”ə dəyərləndirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycan Prezidenti post-münaqişə dövründə Ermənistana etdiyi təklifləri yenidən nüfuzlu beynəlxalq təşkilatın nümayəndəsi ilə görüşdə təkrarladı. Deputat vurğulayıb ki, Azərbaycan Avropa məkanının bir hissəsidir və Cənubi Qafqazdakı ölkələr arasındakı münaqişə uzun müddət Avropa Birliyinin diqqətində olub: 

“Düzdür, Avropa Birliyi işğalçını öz adı ilə çağırmayıb, problemin həlli ilə bağlı Ermənistana təzyiq etməyib. Amma bununla belə məsələnin diqqətdə olması Avropa İttifaqının hər iki ölkə ilə işləməkdə maraqlı olduğunu göstərir. Cənab Prezident qurumla Azərbaycan arasındakı əlaqələri diqqətə çatdırmaqla yanaşı, eyni zamanda Ermənistanla münasibətlərə dair öz təkliflərini bir daha səsləndirdi. Bu təkliflər keçmişə baxmayaraq, Ermənistanla yeni səhifələr açmaq, qonşuluq münasibətləri yaratmaqdan ibarətdir. Bunun üçün ilk növbədə Ermənistan sülh müqaviləsinə imza atmalıdır. Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, sərhədlərin müəyyən olunması prosesi tamamlanmalıdır”. 

Parlament üzvü qeyd edib ki, Ermənistan tərəfi bu məsələdə hələ də yaxasını kənara çəkir, irəliyə doğru addım atmaq istəmir: 

“Həmçinin, Azərbaycanın Naxçıvan bölgəsi ilə quru əlaqəsinin qurulması üçün mütləq Zəngəzur dəhlizinin açılması vacibdir. Ermənistan bundan da imtina edir. Göründüyü kimi Azərbaycanın sülhməramlı təkliflərinə baxmayaraq, İrəvandan hələ də konstruktiv yanaşma yoxdur. Avropa Birliyinin Ermənistanla da sıx əlaqəsinin olduğunu nəzərə alaraq, Azərbaycan tərəfi öz mövqeyini və təklifini beynəlxalq qurumun nümayəndəsinin diqqətinə çatdırdı. Çox istərdik ki, bu təkliflər Avropa Birliyi tərəfindən dəyərləndirilsin və Ermənistanla münasibətlərdə Azərbaycanın mövqeyi ifadə edilsin”.