Su qıtlığı, buzlaqları daşıyırlar...

Bəzi iş adamları hərəkətə keçib

Dünyanı sarsıdacaq içməli su qıtlığı proqnozu indidən bəzi iş adamlarını hərəkətə keçirib. Buzlaqları daşıyan şirkətlər qurulur artıq. Xüsusilə də Orta Şərqdə buzlaqların daşınması ideyasına müsbət yanaşırlar. Bu, ilk baxışda məşhur cizgi filmi “Futurama”nı xatırlada bilir. Amma diqqətlə baxdıqda bunun bir gerçək olduğu üzə çıxır. Dünyada içməli - şirin su ehtiyatlarının getdikcə tükəndiyi məlumdur. Hətta III Dünya Savaşı – “su müharibələri”nə hazırlıqlar aparıldığı da bildirilir

Ən son belə bir məlumatla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi çıxış  edib. Odur ki, fəlakətə ciddi yanaşmaq gərəkir. Bunu nəzərə alan bir çox ölkə təbii buz ehtiyatlarına artıq indidən “göz qoyub”. Buzlaqları təmiz su qaynağı kimi istifadə etmək mümkündür. Bəzi ölkələr su ehtiyatı toplamaq məqsədilə Şimal qütbündəki buzlaqları sahilə doğru hərəkət etdirmək üçün plan hazırlayır. Və bu məqsədlə də buzlaqları daşıyacaq şirkətlər təsis edilir. Şirkətlərin yaxın zamanda fəaliyyətə başlayacağı gözlənilir. Orta Şərq ölkələri daha çox su qıtlığı yaşaya bilər deyə, bu ölkələr arasında okeanlara, dənizlərə çıxışı olanlar tələsir. Odur ki, yaxın zamanda buz dağlarının hərəkətə “gəlib” yerini dəyişdiyini görə bilərik. Buna təəccüb etməyin. Hər şey həyat mənbəyi su əldə etmək üçündür. 

Buzlaqların daşınması bu ölkələrə gələn turistlərin sayını da artıra bilər. Yəni qazanc ikitərəflidir. Həm bəşəri, həm də gəlir məqsədi daşıyır.