İnternet kanallarında yanlışlığa yol verilir

Vətən müharibəsində iştirak edən bütün qoşun növlərinin döyüşçüləri qəhrəmandır

Qətiyyətli qələbəmizlə başa çatmış, ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iidönümünü keçirdiyimiz bu günlərdə efirlərdə, eləcə də internet televiziyalarının qonağı daha çox döyüşçülərdir. Təbiidir və belə də olmalıdır. Təbii olmayan və hətta təəssüf doğuransa, dəvət edilənlərin bəzən özlərini yanlış təqdim etmələridir. Bu xoşagəlməz halla bağlı "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi, jurnalist  Rey Kərimoğlu sosial şəbəkə üzərindən paylaşım edib. 

“Müharibədə hamı XTQ olub?!” yazan R.Kərimoğlu əsasən YouTube kanallarının rəhbərlərinə müraciətində dəvət olunan döyüşçülər haqqında doğru məlumatlar əldə edilməsinin vacibliyini vurğulayıb: “Vətən müharibəsində iştirak edən bütün qoşun növlərinin döyüşçüləri qəhrəmandır. Mən başa düşürəm, 44 günlük döyüşdə 052 saylı hərbi hissənin - XTQ-nin xüsusi rolu olub. Amma hər şey öz adıyla çağrılanda gözəl olur, vallah. Müharibədə hər kəsin öz yeri var. Biri olmasa, qələbə də olmazdı. Bəziləri efirdən yalandan özünü 052 saylı XTQ-nin döyüşçüsü kimi təqdim edir. Və basıb-bağlayır. Olmaz axı belə! Gec-tez üstü açılır da bunun. Yalançılar da ifşa olunur, həmin adamı efirə çıxaran kanal da nüfuzdan düşür. Niyə özünü XTQ-nin, xüsusən 052-nin döyüşçüsü kimi təqdim edən əsgər və zabitlərin hərbi biletinə baxmırsınız?

 Niyə araşdırmırsınız? O döyüşçülərin haqqına girirsiniz?  Hərənin öz yeri var müharibədə. Dediyimiz odur ki, hərə öz adıyla danışsın”.  Cəmiyyətdə də özünü XTQ kimi təqdim etməyə çalışan, əslində isə digər hərbi hissələrdə döyüşənlərə münasibət birmənalı deyil. Hər bir əsgər Vətənin övladıdır, xalqın övladıdır, baş tacıdır. XTQ-lər necə igiddirsə, cəbhədə silah daşıyan sıravi əsgər də o dərəcədə qəhrəmandır. Sosial şəbəkə istifadəçiləri də müraciətə qoşularaq doğru müdaxilə olduğunu qeyd edir və yazırlar ki, döyüşdə arxa hissədə maşınlara silah yükləyən təminat taborunun da rolu ön cəbhədə vuruşan qədərdi. Ancaq təəssüf ki, şəhərdə çoxları XTQ formasında gəzir. Hərbi geyim mağazalarında XTQ geyiminə tələbat artıb. Pulla alıb geyinirlər. Sadə əsgər olmasa, “052”-nin işi irəli getməzdi. “052” olmasaydı,  əsgərin işi getməzdi. Ona görə də müharibədə “bu XTQ idi, bu sıravi” deyə bölgü aparmaq yanlışdır. Ümumiyyətlə, hərbi forma geyim qaydalarına uyğun olmalı, hərbi nizamnamələrin tələblərini pozmamalıdır. Ancaq şəhərdə bu geyim qaydalarının və eləcə də hərbi nizamnamələrin tələblərinin çox kobud şəkildə pozulduğunu görürük. Bu isə hərbi intizamı və döyüşçü əzəmətini aşağı salır. Döyüşmək heç kimə qanunları, o cümlədən hərbi intizamı pozmaq haqqı vermir və həyat da sübut edib ki, gerçək döyüşçülər, həqiqi qəhrəmanlar sui-istifadələrə meyilli olmurlar. Bu sahə mütləq ciddi nəzarətə götürülməli və qayda-qanun yaradılmalıdır.

Hərbi ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında bu kimi halların sıravi əsgərləri incidə biləcəyini qeyd etdi:

- Xüsusilə internet kanallarında bu cür yanlışlıqlara yol verilir. Belə kanallarda görünən şəxslər xidmət etdikləri qoşun növünün deyil, XTQ-nin formasını geyinməklə özlərini XTQ-də qulluq etmiş qəhrəman kimi təqdim edirlər.  

Vətən müharibəsində topçu da, tankçı da, rabitəçi də, sanitar da xalqımız, dövlətimiz üçün əzizdir, dəyərlidir, qiymətlidir. Son zamanlar bir neçə belə fakt aşkarlanıb, özünü XTQ kimi qələmə verənlərin əslində XTQ olmadığı üzə çıxıb. Belələri efirdə doğru olmayan məlumatlar verir, cəmiyyəti yanlış istiqamətə yönəldirlər. İnternet televiziyaları, sayt rəhbərləri dəvət etdikləri şəxslərin harada, hansı hərbi hissədə, hansı qoşun növündə xidmət etdiyini dəqiqləşdirməlidir. 

Orduya aid olmayan insanların hərbi geyimdə, XTQ-nin formasında gəzməsi, onların baş geyimi formasından istifadə etməsi yanlışdır. Bu məsələlərə həssas, həm də ciddi yanaşılmalıdır.