Deputat: “YUNESKO öhdəliklərini yerinə yetirmir”



Bu təşkilat Qarabağda Azərbaycan mədəni irsinə qarşı törədilmiş vandallığı görməlidir

“Ən azı indi zəruri addımlar ata bilərlər. Hazırda onlar üçün şans yaranıb”



Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri,  Prezidentin köməkçisi Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda  çıxış edib. O, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslərin dağıdıldığını deyib. 

Bundan başqa,  Prezidentin köməkçisi UNESKO-nu mədəni irsimizə qarşı həyata keçirilmiş bu addımları görməyə çağırıb. H.Hacıyev regionda sülh olmasının Azərbaycanın strategiyası olduğunu və ölkə prezidentinin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünün qarşılıqlı formada tanınmasına tərəfdar olduğunu bildirib. H.Hacıyev eyni zamanda Cənubi Qafqazda dayanıqlı sülhün,təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayıb.

Çağırışı yüksək qiymətləndirən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a söyləyib ki, bunlar  yerində və çox düzgün deyilmiş sözlərdir:

“Beynəlxalq təşkilatlar öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər.Onlar bu məqamda hər hansısa ayrıseçkiliyə yol verməməlidirlər”.

Millət vəkili indiyə qədər, 30 il ərzində Azərbaycanın məhv edilən mədəni irsinə qarşı diqqət göstərilməməsində UNESKO-nun roluna nəzər salıb:

“Bunu təşkilatın öz öhdəliklərini layiqincə yerinə yetirməməsi ilə əlaqələndirirəm. Ən azı indi zəruri addımlar ata bilərlər. Hazırda onlar üçün şans yaranıb”.