Orduda təlimlər davam edir! Plan var: ““Dəmir yumruq”u daha da möhkəmlənir!”

Azərbaycan Naxçıvan Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirib. Təlimlərə motoatıcı və mexanikləşdirilmiş bölmələrlə yanaşı gücləndirmə bölmələri də cəlb edilib. Bununla bağlı Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib. Plana uyğun şəkildə həyəcan siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb.

Məqsəd müasir ümumqoşun döyüşünün planlaşdırılması, aparılması və döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə döyüş uzlaşmasına nail olunmaqdır. Motoatıcı və mexanikləşdirilmiş bölmələr dronlarla, tanklar və tank əleyhinə vasitələrlə gücləndirilib. Minaatanların atəşi ilə dəstəklənib.

Yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirən bölmələrimiz şərti düşmənin müdafiəsinin ön xəttində və yaxın dərinliyində yerləşən atəş vasitələri, canlı qüvvə və zirehli texnikanı məhv edib.

Döyüş tapşırıqlarının qısa zaman müddətində qətiyyət və uğurla yerinə yetirilib. Bölmələrin uzlaşmış fəaliyyətinə nail olunub.

Təlimlərin məqsədini “Sherg.az”a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan ordusu hər yerdə, döyüş hazırlığı proqramına uyğun, mütəmadi və müxtəlif təlimlər keçirir:

“Ordumuz birgə fəaliyyət proqramına əsasən, Türkiyə ordusu ilə də təlimlər keçirməkdədir. Vətən müharibəsinə qədər də bu, belə idi. Fəaliyyət proqramında müəyyən bir tədbirlər, təlimlər planlaşdırılır. Hər zaman olduğu kimi məqsəd ordunun döyüş qabiliyyəti və  hazırlığının artırılmasına yönəlib. Eyni zamanda silahlı qüvvələrin qarşıya qoyulan vəzifələrini yerinə yetirmək, regionda sülhün sabitliyini qorumaq məramı daşıyır. Əlbəttə, tədris prosesində Vətən müharibəsindən qazanılan təcrübədən, üsullardan da istifadə olunur. Müttəfiqlərimiz müvəffəqiyyətimizə sevinir. Hər bir təlimdə Azərbaycanın “Dəmir yumruq”u daha da möhkəmlənir. Bu, düşmənlərimizə bir mesajdır: Təxribatlara əl atsanız, cavabınız dərhal verilcəcək! Təlimlərin məqsədi həm də budur”.