"Hər kəs özündən başlamalıdır"

"Sosial şəbəkələr haqqında qanuna ehtiyac yoxdur"

Fikir, söz azadlığı, plüralizmin inkişaf etdirilməsi

“Bu yaz sessiyasında nəhayət, sosial sifariş olan “Sosial şəbəkələr haqqında” qanunun qəbul edilməsini təklif edirəm”.  Bu təklifi Milli Məclisin yaz sessiyası çərçivəsində dünən keçirilən ilk plenar iclasında deputat Elman Nəsirov səsləndirib. Deputat bildirib ki, sosial şəbəkələrdə söyüş baş alıb gedir: “Belə insanları məhkəməyə verməkdən də çəkinirsən ki, yeni qondarma siyasi məhbus icad edəcəklər”. Qeyd edək ki, E.Nəsirovun təklifi həmkarları Sahib Alıyev, Naqif Həmzəyev tərəfindən də dəstəklənib. Sosial şəbəkələrlə bağlı ya ayrıca qanun, ya da müəyyən tənzimləmə mexanizminin olması, mövcud qanunvericiliyə dəyişikliklər edilməsi təklifləri bir neçə ildir ki, səslənir. 

Təklif bununla əsaslandırılır ki, sosial şəbəkələrdə təhqir, böhtan, şantaj xarakterli paylaşımlar yer alır. İnsanların şərəf və ləyaqətinin alçaldılması baş verir. Buna qarşı hər hansı şəkildə tədbir görülməməsi isə bu kimi halların çoxalmasına, geniş yayılmasına şərait yaradır. Nəticədə şəxslər, hətta dövlət qurumları haqqında əsassız, dəqiqləşdirilməmiş məlumatlar yayılır, şəxslərin və qurumların nüfuzu zədələnir. 

Məlumdur ki, sosial şəbəkələr azad məkandır. Burada hər bir insan düşündüyünü, müşahidə etdiyini yazır, paylaşır. Əslində, sosial şəbəkələr cəmiyyətdə məlumatlılığın artmasına kömək edir. Azad informasiya mühitini formalaşdırır. Sosial şəbəkələr haqqında qanun qüvvəyə minərsə, necə olacaq? Hansı halda şəxslər paylaşdıqları informasiyaya görə məsuliyyət daşıyacaqlar? 

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi hazırlandığına dair məlumat verilmişdi. 

Qeyd edilirdi ki, qanun layihəsi ilkin variantda 1 fəsil və 9 maddədən ibarətdir və burada sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapır. Qanun layihəsinin Milli Məclisin komitələrində müzakirəyə çıxarılacağı da bildirilirdi. Lakin məsələ, hələ də açıq qalır. Zaman-zaman bu problem gündəmə gətirilir, fikirlər səslənir, yenə də həll edilməmiş saxlanılır. Ötən ilin sonlarında qəbul edilən “Media haqqında qanun” layihəsi müzakirə olunan günlərdə də sosial şəbəkələrlə bağlı müzakirələr aktivləşmişdi. O zaman qanun layihəsini şərh edən media mütəxəssisləri sosial şəbəkə və bloger fəaliyyəti ilə bağlı yanlış təsəvvürlərin ortaya çıxmasından təəssüfləndiklərini bildirir və qeyd edirdilər ki, “Media haqqında” qanun layihəsinin heç bir müddəası sosial şəbəkələrin və blogerlərin fəaliyyətinə şamil edilməyib. 

Bu barədə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də fikir bildirmişdi:

 “Yeni qanun layihəsində sosial şəbəkələrlə bağlı tənzimlənmələr yer almır. Layihədə media subyektlərinə ənənəvi media - çap mediası, yeni veb saytlar və audiovizual media şamil olunur”.  Göründüyü kimi sosial şəbəkələr bu gün də azad informasiya məkanı olaraq qalır. Amma bu məkanda hansısa sərhədlərə, ümumiyyətlə, lüzum varmı?  Sitat.info saytının baş redaktoru, peşəkar jurnalist  Nərgiz Liftiyeva “Şərq”ə açıqlamasında qeyd etdi ki, sosial şəbəkələrin tənzimlənməsi çətindir:    

- Sosial şəbəkələrin hansısa formada tənzimlənə biləcəyini düşünmürəm. Bunun bir mexanizmi yoxdur. Azərbaycanda hətta qanunla tənzimlənməsi mümkün olan sahələrdə xeyli qanunsuzluqlar var ki, onlara qarşı tədbir görülmür. Bütün dünyada sərbəst olan sosial şəbəkələrin qanunla məhdudlaşdırılması, burada yazılan fikirlərə görə insanların məsuliyyətə cəlb olunması yolverilməzdir. Sadəcə, sosial şəbəkədə təhqir, böhtan və sair şərəf və ləyaqətin alçaldılması hallarına diqqət edilsə və istifadəçilər etik qaydaları gözləsə yetərlidir. Bunun üçün ayrıca qanuna ehtiyac yoxdur. Başqa vacib problemlərin qarşılığında sosial şəbəkələr haqqında qanun tələbi qeyri-ciddi  görünür. 

Amma məlumdur ki, sosial şəbəkələrdə sifarişli təhqirlər, qaralamalar, böhtanlar da olur.  Bu, məqsədli şəkildə edilirsə, həmin adamlardan etik qaydalara riayət edilməsini gözləmək mümkündürmü?  Bəlkə hansısa formada tənzimləmə bəzi təhlükəli halların qarşısının alınmasına kömək edər? Səhv etmirəmsə, Almaniyada sosial şəbəkələrin tənzimlənməsinə dair nəsə  sənəd qəbul edilib. Dəqiq xatırlamıram. N.Liftiyeva bildirdi ki, tənzimləmə mexanizmi olsa, ondan sui-istifadə edənlər də olacaq. 

Peşəkar jurnalist Ləman Ələşrəfqızı da sosial şəbəkələrlə bağlı qanuna ehtiyac duymadığını dedi: - Bu məsələ müntəzəm müzakirə edilir. Sosial şəbəkələrdə söyüş, böhtan xarakterli paylaşımlardan narahatlıq ifadə edilir. Hesab edirəm ki, hər kəz özünü nizamlı, əxlaqlı aparsa, normal fəaliyyət göstərsə, işlətdiyi ifadələrə diqqət etsə, söyüş də olmaz, təhqir də. Hər kəs özündən başlamalıdır. Özünü düzəltməlidir. Çalışmalıdır ki, söyüş, təhqir predmeti olmasın.