Müdafiə Nazirliyindəki korrupsiyaya SÖZARDI:“Onlar bu işdə tək deyillər”

Xəbər verdiyimiz kimi, Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğunun üstünü açıb. Nəticədə Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub.Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu,Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu və zabit Əlizadə Vüsal Ədalət oğlu həbs  edilib. B.Bayram 2 milyon 635 min; F.Fərahim 450 min; Ə.Vüsal isə 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.


Hərbi ekspert Ədalət Verdiyev Müdafiə Nazirliyində aşkar edilən dələduzluqla bağlı “sherg.az”a danışarkən bildirib ki, yol verilən mənimsəmə faktı hər birimiz üçün olduqca üzücüdür: 

“Qalib orduya ayrılan vəsaitin bir yığın saxtakar tərəfindən mənimsənilməsi onların bu işdə tək olmadığını göstərir. Dövlət Təhlükəsizlik Xidməti bu faktaları tam dərinliyinə qədər araşdırıb, rütbəsindən və vəzifəsindən asılı olmayaraq yeyintidə əli olan hər kəsə layiq olduğu cəzanı verməlidir”. 

Ə.Verdiyev  hər qarış vətən torpağı üçün minlərlə əsgər və zabitimizin qanını, canını əsirgəmədən fəda etdiyini vurğulayıb: 

“Belə bir vaxtda 5-10 nəfərin onlara ayrılan vəsaiti mənimsəməsi həmin insanların vicdan və layəqətdən necə yoxsul olduğunu göstərir”.

 Hərbi ekspert inanır ki, dövlətimiz bu kimi halların qarşısının alınması üçün bütün gücündən istifadə edəcək və  belə dələduz insanlar həyatlarının qalan hissəsini layiq olduqları yerdə keçirəcəklər.