Baş yazardan təsirli paylaşım! - Qızı ona əzablı hiss yaşadıb!-  Psixoloq:“...Düzgün tərbiyə alıb” 

 “O artıq indidən anlayır ki, oyuncağa veriləcək bu 48 manat  evin hər hansısa bir ehtiyacının qarşılanması üçün istifadə oluna bilər”

“Belə uşaqlar çox diqqətcil olur və ailəsi tərəfindən ona çox insani keyfiyyətlər aşılanır”
“Hər bir halda uşaqlara gözləməyi öyrətmək lazımdır” 

"AzVision"nın baş redaktoru  Vüsal Məmmədov “facebook”da azyaşlı qızı ilə bağlı maraqlı, eyniz amanda təsirli paylaşım edib. Baş yazar qeyd edib: “Ayla ilə kitab mağazasına getmişdik. İndi də kitab mağazaları bilirsiniz, həm də oyuncaq mağazasıdır. Ayla bir “Barbi” götürdü. Baxdım qiymətinə: 48 manat. Mənim üçün bahadır. Ala bilərəm, amma kuklaya 48 manat vermək üçün psixoloji baryeri aşmalıyam. Qızım,- dedim,- bu çox bahadır e. Gəl, başqa bir şey alaq. 

Düzü, hadisələrin sonrakı inkişafını belə təsəvvür edirdim: Ayla əl çəkmir, mızıldayır, tələb edir, inciyir və mən sonda kuklanı alıram. Amma Ayla bir neçə saniyə fikirləşəndən sonra:- Yaxşı, ata,- deyib, sakitcə kuklanı yerinə qoydu. Həmin an buna haradasa sevinmişdim. Amma indi yadıma düşdükcə elə pis oluram ki. Uşağın yaşından qat-qat böyük tərzdə anlayış göstərərək, elə sakitcə razılaşması tam anlaya bilmədiyim əzablı bir hiss yaşadır”.
Mağazalarda uşaqların israrla valideynlərindən hansısa əşyanı, oyuncağı almağı tələb etməsinin tez-tez şahidi oluruq. Sirr deyil ki, əksər valideyn övladlarına “yox” deməyi bacarmır. Bəs görəsən, bu cür situasiaylarda etirazla qarşılaşmaq uşaqlarda sonradan hər hansısa psixoloji pozuntu yarada bilərmi?  

Uşaq psixoloqu Nuriyyə Quliyeva bu barədə “Şərq”ə danışarkən bildirib ki, indiki dövrdə uşaqların əksəriyyəti iqtisadi vəziyyətin pis, ya da yaxşı olmasını düşünməyəcək tərzdə böyüyürlər:

 “Amma əvvəlki nəsil, 1980-ci illərin uşaqları maddi sıxıntıları daha anlayışla qarşılayırdı. İndiki uşaqlara "yox" kəlməsini dedikdə onların əksəriyyəti bunu küskünlüklə qarşılayır, ağlayır və müəyyən emosional reaksiyalar verirlər. Nümunədə qeyd etdiyiniz balaca qızımızın ailəsi onu çox düzgün yanaşma ilə böyüdüb. O artıq indidən anlayır ki, oyuncağa veriləcək bu 48 manat  evin hər hansısa bir ehtiyacının qarşılanması üçün istifadə oluna bilər. Belə uşaqlar çox diqqətcil olur və ailəsi tərəfindən ona çox insani keyfiyyətlər aşılanır”. 

Psixoloq indiki dövrdə ailənin maddi sıxıntılarını başa düşə biləcək uşaqların sayının kifayət qədər az olduğunu diqqətə çatdırıb: 

 “Çünki ailələr özləri də bəzi məsələləri düzgün qurmurlar. Onlar iqtisadi vəziyyətləri aşağı olan da uşaqlarının hər istədiyini dərhal alırlar. Mən hətta maddi imkanı yaxşı olan pasiyent valideynlərə də deyirəm ki, uşaqlar müəyyən qədər bəzi şeyləri gözləməyi bacarmalıdır. Belə olduqda uşağın özünə də daha maraqlı olur”. 

N.Quliyevaya görə, uşaqların hər istədiyini anında aldıqda həmin şey qısa müddətdə onlar üçün də dəyərsiz olur: 

“Bu, uşaqda həm doyumsuzluq hissi yaradır, həm də ona imkan vermir ki, əldə etdiyinin dəyərini anlasın. Hər bir halda uşaqlara gözləməyi öyrətmək lazımdır”.