Yekun sülh nə vaxt və hansı şərtlərlə bağlana bilər? – ŞƏRH

“Bütün Qarabağ ərazisi Azərbaycanın yurisdiksiyasına keçməyənə qədər Ermənistanla sülh müqaviləsinin imzalanması rəsmi Bakının maraqlarına cavab vermir”

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə Kremldən məlumat verilib. Məlumatda qeyd olunub ki,tərəflər Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar:"Onlar Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il,11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının,o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə tədbirlərin,eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyini vurğulayıblar”.Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.

Ağ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli  N.Paşinyanın Rusiyaya gözlənilən səfərindən “sherg.az”a danşarkən bildirib ki, rəsmi Moskva Ermənistanla müttəfiq olsa da, onlar indi yaxın deyillər:

 “Ermənistan İkinci Qarabağ savaşından sonra daha da zəiflədi .İndi Paşinyan hər vəchlə Qərbə inteqrasiya etməyə çalışır. Putinsə ona inanmır. Onların münasibətləri bir az da buna görə soyuqlaşıb. Rusiya və Ermənistan arasında diplomatik münasibətlərin otuz illiyinə görə Nikolun Rusiyaya dəvət olunması protolok qaydalara uyğun  olaraq həyata keçirilən bir işdir”.

Siyasi şərhçi Paşinyanın Rusiya səfərinin Ermənistan-Azərbaycan münasibətlərinə göstərə biləcək mümkün təsirinə diqqət çəkib:

 “Nikol sərhədin delimitasiyası prosesinin tezləşməsini, eləcə də, Azərbaycanla diplomatik münasibətlərin qurulmasını,yekun sülhün imzalanmasını istəyər. Amma bu, Azərbaycana sərf edirmi? Bütün Qarabağ ərazisi Azərbaycanın yurisdiksiyasına keçməyənə qədər Ermənistanla sülh müqaviləsinin imzalanması rəsmi Bakının maraqlarına cavab vermir. Yekun sülh Azərbaycanın Xankəndi və ətrafı, eləcə də, Laçın yolunu nəzarətə götürüb öz yurisdiksiyası orda bərpa etdikdən sonra bağlana bilər. Fikrimcə, Paşinyanın Rusiya səfərindən sonra da bununla bağlı rəsmi Bakının  hazırkı mövqeyində hansısa dəyişiklik olmayacaq” .