“Rusiya-Ukrayna savaşı Baydenin “əsəri”dir” – İndi geri çəkilir!

“Əvvəlcə Ukrayna ərazisində NATO hərbi bazaları yerləşdirmək niyyətlərinə eyham vurdular”

“Ardınca Rusiyanın israrlı etirazlarına baxmayaraq,Ukraynanın NATO-ya üzvlüyü mövzusunu aktuallaşdırdılar”

“Nəticədə Ukrayna böhranını yaradaraq Rusiya ilə qarşıdurmanı maksimum həddə qədər gərginləşdirdilər”

“Rusiya aqressivləşdikdən sonra isə ABŞ və Qərb böyük sürətlə geri çəkilməyə başladı”


Rusiya qoşunları fevralın 23-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.Fevarlın 24-ü səhər saatlarında Kiyevin “Borispol” Beynəlxalq Hava Limanı Rusiyanın hərbi müdaxiləsinə görə fəaliyyətini dayandırıb. Almaniya kansleri Olaf Şols Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatını beynəlxalq normaların pozulması kimi qiymətləndirib.Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə Rusiyanın bu addımını açıq aqressiya adlandırıb.NATO baş katibliyində də məsələyə münasibət bildirib : "Dənizdə 100-dən çox qırıcı təyyarə və 120 gəmi hazır gözləyir. Lazım olan hər şeyi etməyə davam edəcəyik".

Siyasi şərhçi Elçin Xalidbəyli  Rusiyanın Ukraynaya hücumundan “sherg.az”a danışarkən  bildirib ki, ABŞ və Qərb hələlik Rusiyanın Kiyevə hərbi müdaxiləsi qarşısında çaşqın vəziyyətə düşmüş kimi görünür: 

“Hazırda operativ reaksiya və təcili əks addımların atıldığı müşahidə edilmir.Daha çox Rusiyanı Ukraynaya hərbi müdaxilə etdiyinə görə qınamaqla kifayətlənirlər. Bəzi Qərb siyasi dairələri ehtiyatlı və planlaşdırılmış addımların tərəfdarı kimi çıxış edirlər. Onların fikrincə, Ukrayna ətrafında baş verənlərin qlobal savaşa çevrilmə ehtimalı mövcuddur. Hesab edirlər ki, heç bir halda, Ukrayna savaşının üçüncü dünya müharibəsinə çevrilməsinə imkan vermək olmaz.Ancaq Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşın qonşu ölkələrə sıçrama ehtimalı olsa da, hələlik bu, o qədər də real görünmür. Çünki Rusiyaya indi üzləşdiyi hərbi problemin daha da böyüyərək, qlobal xarakter alması qətiyyən sərfəli deyil. Halbuki, Qərb siyasi dairələri hesab edirlər ki,Ukraynaya qarşı açılan savaş yaxın gələcəkdə Avropanın təhlükəsizlik maraqlarına qarşı ən real təhdidə çevrilə bilər. Ona görə də, ABŞ və Qərb hazırda daha çox nəyin bahasına olursa-olsun,Rusiyanın durdurulması üzərində düşünür”.

Siyasi  şərhçiyə görə, ABŞ və Qərb Rusiya ilə hərbi münaqişəyə girmək niyyətindən çox uzaqdır: 

“Ağ Evdə və Qərb siyasi dairələrində hesab edirlər ki, Rusiya ilə hərbi münaqişəyə bulaşarlarsa  bu üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. ABŞ və Qərb hətta savaşda Rusiyanın çətin vəziyyətə düşəcəyi təqdirdə,Kremlin nüvə silahından istifadə edə biləcəyindən də narahatdır.Vladimir Putinin ABŞ və Qərbə müraciət edərək, beynəlxalq rəqiblərini Ukraynadakı hərbi əməliyyatlara müdaxilə etməkdən çəkinməyə çağırması da, məhz belə bir təhlükədən xəbər verir. Kreml sahibinin “Müdaxilə edənlərə elə cavab verəcəyik ki, onlar bununla hələ öz tarixlərində üzləşməyiblər” deməsi də, Rusiyanın ABŞ və Qərbi açıq mətnlə təhdid etməsi anlamına gəlir. Halbuki, prezident V.Putinin bu təhdidinə əslində, elə bir ciddi ehtiyac yox idi. Çünki, ABŞ və Qərb onsuz da Rusiya ilə müharibə təhlükəsindən maksimum səviyyədə yayınmağa çalışır. Prezident Co Bayden son açıqlamasında Ukraynaya qarşı savaşla bağlı Rusiyaya sərt reaksiya veriləcəyini bildirib. Ancaq onu da vurğulayıb ki, ABŞ-ın Rusiya ilə hərbi münaqişəyə girmək kimi bir niyyəti də yoxdur. Yəni, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə yalnız beynəlxalq sanksiyaların tətbiqi ilə cavab verməyi düşünürlər”. Analitik düşünür ki , indi ABŞ və Qərb Ukraynaya açılan müharibəni əsas gətirərək, Rusiyanı sanksiyalarla tədricən zəiflətmək ssenarisi üzrə hərəkət etmək niyyətindədir : “Ona görə də, qlobal savaş və ya üçüncü dünya müharibəsi ilə bağlı ehtimal hələlik o qədər də real görünmür. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin nə qədər çəkəcəyini də əvvəlcədən söyləmək bir qədər çətindir. Çünki bu ilk növbədə daha çox Ukrayna ordusunun müqavimət gücündən asılı olacaq. Eyni zamanda  bu savaşın Rusiya və Ukrayna üçün hansı nəticələri verəcəyi həm də ABŞ və Qərbin reaksiyasından da asılıdır.Hələlik bu reaksiyalar mövcud situasiyaya qətiyyən adekvat deyil”. 

E.Xalidbəyli  hesab edir ki,Ukraynaya qarşı savaş məhz ABŞ və Qərbin Rusiyanı hədəf alan hərbi-siyasi təxribatları ucbatından baş verib:

“Yəni bu savaş böyük ölçüdə Baydenin “əsəri”dir.Əvvəlcə Ukrayna ərazisində NATO hərbi bazaları yerləşdirmək niyyətlərinə eyham vurdular. Ardınca Rusiyanın israrlı etirazlarına baxmayaraq,Ukraynanın NATO-ya üzvlüyü mövzusunu aktuallaşdırdılar.
Nəticədə Ukrayna böhranını yaradaraq Rusiya ilə qarşıdurmanı maksimum həddə qədər gərginləşdirdilər.

Rusiya aqressivləşdikdən sonra isə ABŞ və Qərb böyük sürətlə geri çəkilməyə başladı.Hətta ABŞ prezidenti Co Baydenin son açıqlamasının məzmunu Rusiya Ukraynaya hücum edərsə, Ağ Evin neytral qalacağına tam təminat verilməsi xarakteri daşıyır.Çünki prezident Co Bayden açıq mətnlə vurğulayırdı ki, Kreml Ukraynaya hücum qərarı verərsə, ABŞ Rusiya ilə hərbi münaqişəyə girməyəcək. Rusiya Ukraynaya hücum etməzdən əvvəl tam əmin idi ki, ABŞ və Qərb sadəcə seyirçi mövqeyində qalacaq. Ona görə də Rusiya bu qədər arxayınlıqla Ukraynaya qoşun yeritdi” .

Siyasi şərhçinin qənaətincə,indi ABŞ və Qərbin Ukrayna ətrafında baş verənlərə reaksiyası yalnız Rusiyaya qarşı vəd etdikləri dağıdıcı sanksiyaların tətbiqi ilə effektiv ola bilər: 

“Çünki indi Rusiyanı yalnız əzici sanksiyalarla Ukrayna ilə savaşı dayandırmağa məcbur etmək mümkündür. Əks halda, Kreml Ukraynada nəzərdə tutduğu bütün hədəflərini reallaşdırana qədər savaşa davam edəcək. 

Hələlik görünən odur ki, ABŞ və Qərb Rusiyanı savaşın dayandırılmasına məcbur edə biləcək “dağıdıcı sanksiyalar”ın tətbiqinə o qədər də həvəsli və tam hazır deyil”