Deputat:“İtaliya müharibədə bizə dost münasibəti göstərdi”

Ötən günlərdə Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi baş tutub. Təməlqoyma mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil naziri Emin Əmrullayev, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo iştirak ediblər. Nazirlər universitetin təsisi ilə bağlı sənədə imza atıblar. Həmçinin, yaxın zamanlarda İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri xüsusi önəm kəsb edir:

“Biz diplomatik münasibətlərimizin təsis edilməsinin 30 illiyini qeyd edirik. İtaliya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında həyata keçirilir”.

Son zamanlarda Azərbaycan və İtaliyanın təhsil və mədəniyyət sahəsində atdığı addımlar hər iki dövlət üçün müsbət qiymətləndirilir. Bu addımların siyasi və iqtisadi sahələrə də inkişaf yönümlü təsir edəcəyi istisna edilmir.

İtaliya ilə Azərbaycan arasında baş tutan yenilikləri “Sherg.az”a dəyərləndirən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, İtaliya bizim həqiqi tərəfdaşımız olan ölkələrdəndir:

“Sözsüz ki, mən də bu universitetin təməlqoyma prosesini yaxından izlədim. Həmçinin, İtaliyanın xarici işlər nazirinin görüşündə də iştirak etdim. Ümumiyyətlə, İtaliya Azərbaycanla çox yaxın olan ölkələrdəndir və iki ölkə arasında strateji tərəfdaşlıq var. 

Bizim dost hesab etdiyimiz ölkələrin bəziləri 44 günlük Vətən müharibəsində  o dostluğu imtahan sınağından müvəffəqiyyətlə keçirə bilmədi. 

Amma İtaliya bu müharibədə bizə qarşı həqiqi dost münasibətini göstərdi. İqtisadi sahədə də Bakı ilə Roma arasında çox ciddi əməkdaşlıq var. Hər iki ölkədə də ticarət dövriyyəsi çox yüksək dəyərləndirilir”.

Millət vəkili hesab dir ki, belə layihələr təkcə dövlətlərin deyil, həm də xalqların dostluğuna müsbət təsir göstərəcək:

“Bilirsiniz ki, çoxlu tələbəmiz orada təhsil alır. Bu gün də ölkədə belə universitetin inşa olunması və yaxın gələcəkdə istifadə olunması tərəfdaşlığımıza müsbət təsir edəcək. Dövlətin müvafiq strukturları arasında qarşılıqlı inkişaf görüləcək. Bununla yanaşı, xalqlar arasında da münasibətlər inkişaf edəcək. Çünki təhsil və mədəniyyət xalq diplomatiyasının ən əsas prinsiplərindən biridir. Bu gün dünyada siyasi diplomatiyanı o qədər məmnunluqla qəbul etmirlər. 

Bir çox hallarda siyasi diplomatiyadan daha çox mədəniyyət, humanitar, təhsil, idman kimi sahələr özünü göstərir. Elə son illərdə də möhtərəm Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və onun UNESCO və İSESCO-nun xoşməramlı səfiri olması sayəsində ölkəmizdə xalq diplomatiyasında, o cümlədən, idman, təhsil, mədəniyyət sahələrində böyük uğurlar əldə olunub.

 Hazırda da Avropanın inkişaf etmiş ölkələri cərgəsinə daxil olan İtaliyanın Azərbaycanla belə sahələrdə konkret layihələrlə əməkdaşlığı bu ölkələrin və xalqların dostluğunu daha da inkişaf etdirib möhkəmləndirəcək”.