Bakı ilə Ankaranın qətiyyəti! – “Ermənistan praqmatik mövqe sərgiləməsinə...”

5 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Nazirlər arasında baş tutan telefon danışığını “Sherg.az” şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə ilə Azərbaycan xarici siyasət məsələlərində koordinasiyalı  fəaliyyət göstərirlər:

“Təbii ki, Ermənistanla Azərbaycan münasibətləri normallaşdırılması istiqamətində hər iki ölkə məsləhətləşmələr həyata keçirir. Ermənistan -Türkiyə münasibətlərinin normallaşması haqqında da tərəflər fikir mübadiləsi aparır. 

Məhz, Brüssel görüşü ərəfəsidə də bu kimi danışıqların baş tutması əsasən Brüssel görüşünə həsr olunub. Təbii ki, burada Ukrayna məsələsi də müzakirə predmeti olur. 

Çünki Rusiya – Türkiyə münasibətləri də bu məsələdə müəyyən dərəcədə Azərbaycan – Rusiya əlaqələrinə təsir göstərir. Buna baxmayaraq, əsas müzakirə mövzusu Brüssel görüşü və Ermənistanın görüşdən sonra hansı mövqe sərgiləyəcəyi ətrafındadır”.

Politoloq hesab edir ki,  Bakı ilə Ankaranın qətiyyətli mövqeyi axır ki, Ermənistanın daha da praqmatik mövqe sərgiləməsinə gətirib çıxaracaq:

 “Geosiyasi proseslər, hərbi-siyasi  qarşıdurmalar deməyə əsas verir ki, Ankara ilə Bakı  ikitərəfli əlaqələri  daha da möhkəmləndirəcək. Birgə danışıqlar müsbət əhəmiyyət kəsb edir”.