SƏRT NOTA! - “Rəsmi Moskva Paşinyana “barmaq silkələyir”!” -  Skandal! 

“Paşinyan hakimiyyəti Ermənistanda baş verən bütün faciələrin günahkarı kimi həmişə Rusiyanı hədəf göstərir”

“Biz zamanla baş verən belə qarşıdurmalardan istifadə edərək dövlət maraqlarımızı  təmin etməliyik”


Rusiya səfirliyi İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayışda Rusiya strukturlarının “əl”inin olması ilə bağlı ittihamlara cavab verib. Səfirlik bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
 Qurum bəyanat yayaraq məlum ittihamların hiddət doğurduğunu bildirib: 

“Avqustun 14-də “Sürməli” ticarət mərkəzinin ərazisindəki faciə ilə bağlı Rusiya strukturlarına qarşı şişirdilmiş, qərəzli, kin dolu və yalan ittihamlardan qəzəbləndik. Bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən lazımi ictimai açıqlamalar gözləyirik”.

Rusiya-Ermənistan skandalını “Sherg.az”a şərh edən Ağ Partiya sədri Tural Abbaslı qeyd edib ki, Rusiya və Ermənistan münasibətləri  istənilən halda Azərbaycan-Rusiya münasibətlərindən yaxşı olub:

"Hətta Ermənistanın bir dövlət kimi fiziki varlığını davam etdirə bilməsi birmənalı olaraq rəsmi Moskvaya bağlıdır. 44 Günlük İkinci Qarabağ savaşınının sonunda imzalanan üçtərəfli bəyanatda  da separatçı ölkəyə nəfəsliklərin  buraxılması Kremlin fəaliyyətidir. Ermənistan sərhədlərini qoruyan da Rusiyadır. Belə halda bu iki ölkə arasında münasibətlər o qədər də asan pozula bilməz”.

T.Abbaslının qənaətincə, Rusiya zaman-zaman bəzi siyasilərin hakimiyyətdən uzaqlaşdırılmasını hədəfləyir:
 “Bu zaman ordakı iqtidarlar da özlərini müdafiə üçün hansısa addımlar atır. Yəni bu məsələlərə Ermənistan-Rusiya münasibətlərindən daha çox Paşinyan-Putin münasibəti kimi yanaşmaq lazımdır. Görünən odur ki, Paşinyan yaranan hər  fürsətdən istifadə edərək Rusiyanın rəsmi İrəvana təsir imkanlarını azaltamağa çalışır. Bu işdə o, ictimai rəyə arxalanmaq istəyir. Fikir versəniz görərsiniz ki, Paşinyan hakimiyyəti Ermənistanda baş verən bütün faciələrin günahkarı kimi həmişə Rusiyanı hədəf göstərir. Bu hal daha öncələr də dəfələrlə təkrarlanıb”. 

Ağ Partiya sədri vurğulayıb ki, indiki halda Rusiyanın rəsmi İrəvana nota verməsi onun Ermənistan daxilində ictimai fikirdən olduqca narahat olduğunu göstərir:

 “Bununla da rəsmi Moskva bir növ Paşinyana barmaq silkələyir ki, yerini bilsin. Hələ İkinci Qarabağ savaşının sonunda ermənilər açıq şəkildə sosial mediada onları xilas etməsi üçün Putinə yalvarırdılar. Üstündən iki ilə yaxın vaxt keçməmiş Rusiyaya qarşı baş qaldırıb, Putinə faşist deyirlər. Bu da gözlənilən idi”. 

T.Abbaslının  sözlərinə görə, Ermənistan rəsmi Moskavadan bu qədər asılı olduğu halda onunla düşmən ola bilməz:

“Rusiyanın da Cənubi Qafqazda varlığını qoruyan rəsmi İrəvandır. Rusiya olmasa, Ermənistanın dövlət müstəqilliyini, Ermənistan olmasa,  Rusiya Cənubi Qafqazı itirər. Bu iki dövlətin ayrılması mümkün deyil” .

Müsahibimiz  diqqətə  çatdırıb ki, biz zamanla baş verən belə qarşıdurmalardan istifadə edərək dövlət maraqlarımızı  təmin etməliyik:

“İndiki halda müvəqqəti olaraq  rus sülhməramlılarının nəzarəti altında olan torpaqlarımızda suverliyimizi bərpa etmək üçün addımlar atmalıyıq”.