Helikopter bölmələri döyüş atışları edib! – “Sonuncu laboratoriya müharibədir”


“Belə təlimlər nə qədər intensiv keçirilsə, gələcəkdə döyüş tapşırıqları da bir o qədər uğurla yerinə yetirilər”


 Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimlərin əhəmiyyətindən danışan Hərbi ekspert Exan Şıxəliyev “Sherg.az”a bildirib ki, bu təlimlər illik qoşun növlərinin planları əsasında gerçəkləşdirilir:

 “Bütün HHQ qüvvələrinə daxil olan bölmələr döyüş hazırlığını yüksəltmək üçün praktiki uçuşlar həyata keçirirlər. Pilotların hazırlığının, texniki uçuş vasitələrinin sazlığının yoxlanılması üçün belə təlimlər vacibdir. Gedişatda təlimin ssenarisinə əsasən helikopterlərin pilotlarına əməliyyat şəraitlərinə uyğun, döyüş şəraitlərinə yaxınlaşdırılmış tapşırıqlar verilir. Şərti düşmən üzərinə zərbələrin endirilməsi, kəşfiyyat uçuşlarının aparılması, qoşunların  maddi vəsaitlərlə təminatı həyata keçirilir”.
Ekspertin sözlərinə görə, bu təlimlərdən sonra döyüş hazırlığı yeni mərhələyə keçir:

“Sonda pilotların, təlimlərə cəlb olunanların qiymətləndirilməsi aparılır. Hər bir zabit burda özünün nə qədər professional olduğunu müəyyən edir. 

Təlimlər müharibədən öncəki laboratoriyadır. Sonuncu laboratoriya isə müharibədir. Belə təlimlər nə qədər intensiv keçirilsə, gələcəkdə döyüş tapşırıqları da bir o qədər uğurla yerinə yetirilər”.