“Çox dedik, çox yazdıq, amma müvafiq qurumların məsələ ilə bağlı ciddi bir fəaliyyətini görmədik"
“Digər çaylar və göllərdə də problemlər gözlənilir”
"Azərsu"da su itkiləri 30-40 faizdir. Bu, dünya rekordudur”
"10 ildən çoxdur ki, həyəcan təbili çalırdıq, bu günlərin gələcəyini deyirdik".
Bunu "Sherg.az"a sosioloq Elçin Bayramlı Kürdə suyun səviyyəsinin minimum həddən aşağı düşməsi barədə danışarkən söyləyib. O vurğulayıb ki, ölkənin su ehtiyatının az olduğunu, qlobal quraqlıq və istiləşmənin vəziyyəti daha da ağırlaşdıracağını, təcili tədbirlər görülməsinin zəruriliyini mətbuat vasitəsilə dəfələrlə, özü də faktlarla bildirirdik:
"Təəssüf ki, nə hökumət, nə də "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) zərrə qədər də əhəmiyyət verdi. Beləliklə, həmin günlərə gəlib, çatdıq. Artıq hazırlıqsız şəkildə yaxalandıq. Su ehtiyatları minimuma düşüb. Kür və digər kiçik çaylar quruyur. Bundan sonra yalnız baş verə biləcəklərdən danışmaq olar. Dünyada qlobal istiləşmə gedir. Su mənbələri quruyur. Bizdən fərqli olaraq, ölkələr bununla bağlı ciddi tədbirlər gördü. Azərbaycan da su ehtiyatlarının az olduğu ölkələrdən biridir. Ölkənin ümumi su ehtiyatının 70 faizi isə xarici mənbələr hesabına formalaşır. Yəni qlobal problem başlayanda həmin 70 faiz su da bizə çatmayacaq. Transsərhəd çaylarından gələn suyu həmin ölkələr istifadə edəcək".
Ekspert diqqətə çatdırıb ki, Kürdə suyun səviyyəsinin aşağı düşməsinin bir çox səbəbləri var:
"Onlardan biri Kür çayının mənbəyi olan Türkiyədə bir neçə su anbarının tikilməsidir. Mənbə sularının böyük hissəsi orada toplanılır və çaya az gəlir. İkincisi isə, Kürə axan kiçik çaylar ekoloji səbəbdən quruyub. Məsələn, meşələr qırılıb, qum, çınqıl daşları daşınılıb. Həmin çaylar lilli suyu Kürə gətirir və çayın aşağı axarlarında onun dibi yuxarı qalxır. Məhz ona görə də keçən il əksinə olaraq, dəniz suyu Kürə axmağa başladı. Üstəlik, Kür çayına təzyiq artıb. Ondan suvarmada nəzarətsiz və məhdudiyyətsiz istifadə edilir. Bir çox böyük plantasiyalar suvarma üçün Kür çayının suyunu normadan artıq götürürlər".
E.Bayramlı bunu da əlavə edib ki, digər çaylar və göllərdə də problemlər gözlənilir:
"Çünki artıq beynəlxalq ekoloji proqnozlar göstərir ki, davamlı şəkildə quraqlıq, istiləşmə davam edəcək. Bizi çox çətin günlər gözləyir. Su olmayanda iqtisadiyyat çökür. Çünki aqrar sektorumuz su əsasında ölkənin ərzaq təhlükəsizliyini təmin edir. Eləcə də digər sənaye müəssisələrinə, əhaliyə su lazımdır. Əks halda, yaranan qıtlıq bahalaşmaya da səbəb olacaq. Əhalinin içməli su ehtiyatında çox ciddi problemlər baş qaldıracaq. Digər tərəfdən Oğuz-Qəbələ-Bakı su kəmərində təzyiq artır. Oradan daha çox su götürməyə məcburdurlar. Bu da həmin mənbə ərazilərdə ekoloji böhrana səbəbdir. Artıq çıxış yolu axtarmaq üçün gecdir. Neçə illər idi, deyirdik ki, çoxlu su anbarları yaradılmalıdır. Mümkün olan bütün yerlərdə dərin artezian quyuları qazılmalı idi, kritik vaxtlarda yeraltı su hövzələrindən istifadəni artırmaq olardı. Bundan başqa, dənizkənarı ərazilərdə su şirinləşdirici zavodlar tikilməli idi. Bəzi ölkələr bundan yararlanır. Eyni zamanda kanalizasiya, sənaye sularının təkrar istifadəsi üçün tədbirlər görülə bilərdi. Lakin heç biri yoxdur. Baxmayaraq ki, "Azərsu" ASC ölkədə dövlət büdcəsindən ən çox vəsait ayrılan və xarici kredit cəld edən bir təşkilatdır. Amma hazırkı vəziyyət milyardlarla xərclənən pula adekvat deyil. Bəzi xırda-para işlər görülüb. Lakin kifayət qədər deyil. Qısacası, bu sahədə vəziyyət ağırlaşmaqda davam edəcək. İndidən başlasaq, sadaladığımız sistemlərin qurulmasına belə bir neçə illər tələb olunacaq.
Ona görə də sudan qənaətli istifadəyə keçirilməlidir. "Azərsu"da su itkiləri 30-40 faizdir. Bu, dünya rekordudur. Belə bir itki dünyanın heç bir yerində yoxdur. 30-40 faiz dəhşətli rəqəmdir. Hesab edirəm ki, bunu itki adlandırmaq olmaz. Böyük bir hissəsi korrupsiya, bəzi təsərrüfatlara, obyektlərə verilən suyun siyahıya alınmamasıdır.
Məmurlar tərəfindən pulun alınıb, yeyilməsidir. İtki kimi qələmə verirlər. Belə bir yanaşma ölkəni ağır vəziyyətə gətirib, çıxarır. Strateji təhlükə qarşısındayıq. Asılı vəziyyətə düşəcəyik. Xoşbəxtlikdən, azad edilən torpaqlarımız - Qarabağ su ehtiyatı ilə zəngindir. Azərbaycanın 30 faiz su ehtiyatı həmin bölgədə yerləşir. Həmin su ehtiyatlarından səmərəli istifadə etsək, ətraf regionları da vəziyyətdən çıxarda bilərik. Amma sistemli, elmi şəkildə əsaslandırılmış işlər görülməlidir. Suyun düzgün paylaşdırılması, bölüşdürülməsi, su mənbələrinə normal təzyiq verilməsi kimi məsələlər nəzərə alınmalıdır. Yəni bir tərəfdə daha çox su istismar edib, digər tərəfdə qıtlıq yaratmamaq üçün düzgün kanalların çəkilməsi, alternativ mənbələrdən istifadə etmək lazımdır. Bir neçə il əvvəl Cənab Prezident İlham Əliyev də bildirib ki, 2030-cu ilə qədər Azərbaycanı səhralaşma, quraqlıq gözləyir. Təcili tədbirlər görülməlidir. Amma müvafiq qurumların məsələ ilə bağlı ciddi bir fəaliyyətini görmədik".
Qeyd edək ki, Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb. Bu barədə Neftçala və Salyan rayon sakinləri “Report”un Aran bürosuna bildirib. Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb.