Elon Maskın çağırışları reallığa uyğun deyil


Süni intellektin inkişafından ehtiyat etmək absurddur


  Hazırda 4-cü və iddialara görə, sonuncu “sənaye inqilabı”nı yaşamaqdayıq. Texnologiyalar əvvəlcə fiziki əməyi əvəz etdi. İndi isə zehni əmək də əl dəyişdirir. İddialara görə, yaxın 5-10 il ərzində süni intellekt istehsal, xidmət, xüsusilə idarəetmə, hüquq, proqramlaşdırma sahələrində böyük ölçüdə işsizliyin yaranmasına səbəb olacaq. Sözsüz ki, bu  müddət daha az da ola bilər.
  Süni intellektin sayəsində hətta buankı fəaliyyətimizin belə zamandan geri qaldığı iddia edilir. Süni İntellekt pandemiya, nüvə müharibəsi, iqtisadi böhranlardan belə daha təhlükəli bir  tətbiq kimi dəyərləndirilir. Ən dəhşətlisi isə odur ki, bu proses idarə edilə bilmir. Daha dəqiq desək, müasir insan özü yaratdığı Sİ-nin sürətinə çata bilmir. Süni intelleklərin növbəti müharibələrdə geniş istifadə edilməsi də ən çox qorxu yaradan məsələlərdəndir. Hətta avtoritar rejimlərin   kütləvi nəzarət məqsədilə süni intellekt tətbiqlərindən istifadəsi belə istisna edilmir. 
  Qeyd edək ki, dünyada süni intellekt texnologiyalarının inkişafı sürətlənir. Hazırda ABŞ süni intellekt layihələrinə investisiyaların məbləği və imzalanmış sazişlərin sayına görə liderdir. İkinci və üçüncü yerlərdə isə Çin və Böyük Britaniya qərarlaşıb.
Bununla belə süni intellektin çox sürətli inkişafı müasir dövrün bir sıra alim və İT sahibkarlarında bəşəriyyətin gələcəyi barədə narahatçılıq yaradıb.
  Biznes liderlərinin özlərinin belə süni intellekt məhsullarına reaksiyaları müxtəlifdir.
Bill Geyts süni intellektin "bu onillikdə ən böyük şey" olduğunu deyib. Endi Casi "generativ süni intellekt ilə nələrin mümkün olduğunu" görməyə həvəsli olduğunu söyləyib. Elon Mask isə Aİ-nin “sivilizasiyanın gələcəyi üçün ən böyük risklərdən biri” olduğunu bildirib.
Hətta Mask cəmiyyətə yarada biləcəyi təhlükə səbəbindən yeni süni intellekt sistemlərinin tətbiqini dayandırmağa çağırıb.
  Əslində E.Mask süni intellektin çox sürətli inkişafı ilə bağlı narahatlığını heç vaxt gizlətməyib. Belə ki, o,  əvvəlki müsahibələrində də  bildirib ki, bu texnologiya nüvə silahından da daha təhlükəli ola bilər və insanlar bu gün süni ağlın inkişaf potensialını qiymətləndirmirlər. "Şərq" xarici agentliklərə istinadən xəbər verir ki, 1000-dən çox məşhur şəxs süni intellektlə bağlı tarixi bir məktub imzalayıb. Elon Musk, tədqiqatçıAlphabet DeepMind, Stiv Vozniak, süni intellekt sahəsində tanınmış Yosua Bengio, Stuart Rassel və 1000-dən çox şəxsiyyət GPT-4 dil modelindən daha güclü dil modellərinə 6 aya qədər fasilə verilməsini istəyirlər:"Araşdırmalar göstərdi ki, insanlarla rəqabət aparan bu cür süni intellekt sistemləri bütün bəşəriyyət üçün ciddi təhlükə yarada bilər" açıqlamasına OpenAI rəhbəri Sem Altman səssiz qalsa da, 6 ay ərzində yeni requlyasiyaların qəbul olunması məktubla tələb olunur".
  Mətn müəlliflərinin iddiasına görə, süni intellekt sistemləri bəşəriyyətin inkişafını dəyişə bilər və buna görə də xüsusi diqqət və resurslarla idarə olunmalıdır. Mətndə deyilib: “Güclü süni intellekt sistemləri yalnız onların işinin təsirinin müsbət olacağına və risklərin idarə oluna biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir”. Müəlliflərin fikrincə, müasir süni intellekt sistemləri artıq geniş spektrli vəzifələrin həllində insanlarla rəqabət aparmağa qadirdir, ona görə də bəşəriyyət bununla bağlı qəti qərar verməlidir. Çünki əks tədirdə insanlar “sivilizasiyaya nəzarəti itirmək” riski qarşısında qala bilərlər.
Müraciəti imzalayanların rəyinə görə, bu cür qərarların verilməsi “heç kim tərəfindən seçilməyən texnologiya sənayesinin liderlərinə” etibar edilməməlidir.
  Mətni imzalayanlar artıq ictimai məkanda fəaliyyətə başlayan, “OpenAI” şirkəti tərəfindən hazırlanmış “GPT-4” modelindən daha güclü ola biləcək istənilən süni intellekt sistemlərini altı ay müddətinə dayandırmağı təklif edirlər.
  Media eksperti  Emin Hüseynzadənin “Şərq”ə açıqlamasına  görə, indinin özündə belə istifadə etdiyimiz ən qabaqcıl texnologiyalar süni intellektə əsaslanan nailiyyətlərlə təchiz edilib. Ona görə də süni intellektin inkişafından ehtiyat etmək absurddur: “Elon Maskın süni intellektin təhlükəsi barədə  çağırışları reallığa uyğun deyil. Xüsusən də süni intellekt sahəsi ilə maraqlanan insanlar üçün bu cür bəyanatlar  birmənalı qarşılanmır. Bu gün insan intellektin maşınlar tərəfindən dəqiq simulyasiya olunması nəticəsində avtomatlaşdırılmış naviqasiya sürətlə inkişaf edir, bir çox firmalar bu sahəyə böyük yatırımlar qoyurlar. Artıq inkişaf etmiş ölkələrdə süni intellektlə idarə olunan nəqliyyat vasitələrini satışa çıxarmaq istəyirlər. O cümlədən də “Tesla” avtomobilləri  artıq neçə ildi süni intellektdən istifadə edirlər . Özünü idarə edən avtomobillərin testləri aparılıb və kifayət qədər də uğurlu alınıb. Dünya universitetləri süni intellekt üzrə tələbə qəbulu aparırlar. Hesab edirəm ki, növbəti mərhələdə süni intellekt qurğuları, olqaritmlər daha yaxşı və səmərəli qərarlar verməyə imkan yaradacaq. Bu baxımdan süni intellektin bəşəriyyət üçün təhlükəli olmasına dair verilən proqnozlar qeyri-səmimi  görsənir. “Siz bir az gözləyin, biz də gəlib çataq, və  yaxud da biz sizi keçək” təsiri bağışlayır. Fikrimcə, süni intellekt tətbiqçilərinin heç biri bu məktuba müsbət cavab verməyəcək”. 
Ekspertin sözlərinə görə, süni intellektin insan zəkasını üstələməsi, insanları öz “kölə”sinə çevirəcəyi ilə bağlı ehtimallar da əsassızdır. Axı süni intellekt yaradıcı bir tətbiq deyil: “O, hazır datalar üzərində işləyir. Süni intellektin sürətli inkişafı insan əməyinə ehtiyacı azaldacaq, bir çox sahələrdə işsizlik faktoru yaradacaq. Süni intellekt zamanla bir neçə peşəni avtomatlaşdıra biləcək və insanların həyata keçirəcəyi işlərin sayı azalacaq. Əlavə olaraq sağlamlıq xidmətlərində süni intellektin töhfələri böyük olacaq, tibbi diaqnozlar daha tez və daha dəqiq qoyulacaq. Daha tez qoyulan diaqnoz sayəsində insanların müalicəsi də asanlaşacaq. Göründüyü kimi, biz  heç də “Terminator” filmindəki dəhşətlərlə üzləşməyəcəyik. Süni intellektin dünyanı ələ keçirməsi də mümkünsüz iddiadır, çünki süni intellekt də insanlar tərəfindən kodlaşdırılır və yaradılır. Yəni onun həyatınızdakı rolu özümüzdən asılıdır. Əksinə, bəşəriyyət bu vaxta kimi həll olunmayan problemləri süni intellekt vasitəsilə həll etmək imkanı qazanacaq. Məsələn, bir neçə aya görməli olduğumuz işi süni intellekt bir neçə günə, inkişaf etdikcə hətta bir neçə dəqiqəyə həll edə biləcək”.
  E.Hüseynzadənin sözlərinə görə, bu tətbiq bizim üçün böyük görünə bilən işləri qısa zamanda həll etmək funksiyasına sahibdir: “Yaxın gələcəkdə süni intellektin daha  sürətli tətbiqləri və robototexnika yaradılacaq, buna şübhə etmirəm. Amma bu tətbiqlərin insan həyatı və bəşəriyyət üçün faciəyə çevriləcəyini güman etmirəm. 
  Bu tətbiqlər hər nə qədər “ağıllı” olsa da, insan faktorundan kənar müstəqil datalar yarada bilmirlər. Onlar mövcud datalar üzərində işləyir. İnsanın isə unikallığı ondan ibarətdir ki, öz zəkası hesabına  mövcud olmayan ideyalar irəli sürürlər. Bu mənada süni intellektdən qorxmaq lazım deyil. 25 il əvvəl də mobil telefonların insanlar arasındakı ünsiyyəti tamamilə aradan qaldıracağını zənn edirdik. Amma nəticə odur ki, canlı ünsiyyət azalsa da, telefonlar sayəsində  insanlar arasında virtual ünsiyyət imkanları daha da genişlənib”. 
  Gələcək müharibələrdə süni intellektdən  istifadəyə gəldikdə isə ekspert onsuz da  bir neçə ildir müharibələrdə süni intellekdən istifadə olunduğunu deyib.