Mina terroru ifşa olunmalıdır

Hüquqi müstəvidə Ermənistanın cəzalandırılmasına və böyük miqdarda təzminat ödəməsinə nail 
olmalıyıq

  4 aprel dünyada Beynəlxalq Mina Təhlükəsizliyi Günü kimi qeyd olunur.
BMT Baş Assambleyasının 2005-ci il 8 dekabr tarixli qətnaməsinə əsasən, məqsəd minalarla 
çirklənməyə məruz qalmış ərazilərə diqqət çəkməkdir.
  Minalanmış ərazilər humanitar fəlakət zonası sayılır. Dünya təcrübəsindən bəlli olduğu kimi, 
müharibələr zamanı minalarla çirkləndirilmiş ərazilər müvafiq beynəlxalq təşkilatların, donor 
ölkələrin köməyi ilə təmizlənir. Azərbaycan da dünya üzrə minalarla ən çox çirklənmiş, mina 
təhlükəsindən əziyyət çəkən ölkələr sırasında yer alır. Mənfur düşmən ərazilərimizi işğal altında 
saxladığı 30 il ərzində şəhər və kəndlərimizi dağıtmaqla yanaşı, həm də ən ağlagəlməyən yerləri 
belə minalayıb. Ərazilərimizin minalanması erməni vandalizminin bariz nümunəsi olsa da, işğal 
faktı ilə üzləşən Azərbaycanda minaların təmizlənməsində beynəlxalq birliyin dəstəyi hiss 
edilmir. İşğaldan azad olunmuş ərazilərdə mənfur düşmən tərəfindən basdırılan minalar can 
almaqda davam edir.
  Davamlı olaraq sözügedən ərazilərdə xidmət edən hərbçilərimiz və digər mülki şəxslərin 
minaya düşməsi ilə bağlı üzücü xəbərlər alırıq. Halbuki Azərbaycan 2030-cu ilədək olan dövrü 
əhatə edən yeni strateji mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük 
Qayıdışı təmin etməyi özünün 5 əsas prioritetindən biri kimi müəyyənləşdirib. Lakin bu strateji 
hədəfə çatmaq üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Bunu Prezident İlham 
Əliyev hökumətin qarşısına əsas vəzifələrdən biri kimi qoyub. 

  Qeyd edək ki, tviter hesabında 4 aprelin əhəmiyyətinə toxunan edən BMT Baş katibi Antonio 
Quterreş “Biz mina təhlükəsini aradan qaldırmaq üçün hərəkətə keçməliyik”-başlıqlı paylaşım 
edib. Onun sözlərinə görə, insanların təhlükəsiz şəraitdə geri qayıtmalarına və həyatlarını 
yenidən qurmalarına şərait yaradılmalıdır:

 “Döyüşlər dayandıqdan sonra belə münaqişələr çox 
vaxt qorxulu miras qoyur: minalar və partlayıcı sursatlar”.
  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində isə minatəmizləmə prosesinin 
təxirəsalınmaz  olduğu vurğulanıb. XİN ərazilərə mina yerləşdirənlərin və onların 
zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə 
cəlb edilməsinin zəruriliyini qeyd edib: “Biz minaların səbəb olduğu insan tələfatına son 
qoymalıyıq”. 

  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində  də Beynəlxalq Mina Xəbərdarlığı 
və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı “Ermənistanın törətdiyi mina terroru” adlı tədbir 
keçirilib. Tədbir iştirakçıları beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə 
çağırıblar. Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov Azərbaycan Prezidenti, Ali 
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 
Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu xatırladıb:



 "Müəyyən edilib ki, 30 il işğal dövründə Ermənistan işğal altında saxladığı ərazilərdə 1 milyondan çox mina basdırıb. Bu gün 
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə geniş quruculuq işlərini həyata keçirir. Lakin bu işləri 
tam şəkildə həyata keçirmək üçün ən böyük maneə bu ərazilərin erməni hərbi birləşmələri 
tərəfindən mina və partlamamış hərbi sursatlarla çirklədilməsidir". A.Allahverənovun sözlərinə 
görə, əsasən Ermənistan istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən 
müharibəsindən sonra keçən iki il ərzində 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si 
həyatını itirib: "Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan 
mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi 
təhlükədir. Biz, qeyri-hökumət təşkilatları nümayəndələri olaraq Ermənistanın mina terrorunu 
pisləyir, beynəlxalq təşkilatların bu məsələyə adekvat münasibət bildirməyini tələb edirik". QHT 
nümayəndəsi tədbirin nəticəsi kimi Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları 
adından mina terroru ilə bağlı bəyanatın ünvanlanmasının əhəmiyyətini qeyd edib.

  Mina terrorunun ölkəmiz üçün ən aktual və təhlükəli məsələ olaraq qaldığını xatırladan 
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov isə “Şərq”ə  
açıqlamasında deyib ki, müharibə bitsə də, Ermənistan hərbi cinayətini hələ də davam etdirir: 

“2020-ci ilin noyabrından, yəni savaş bitəndən bu yana üç yüzə yaxın insan mina partlayışından 
zərər görüb, 50-yə yaxın insan həlak olub. Ərazilərimizin böyük hissəsi işğal dövründə minalarla 
doldurulsa da, üçtərəfli saziş imzalanandan sonra da erməni tərəfi torpaqlarımızda yenidən 
minalar basdırıb. 2021-ci il Ermənistanda istehsal olunan minaların aşkarlanması bunu isbat edir. 
Ermənilərin müxtəlif diversiya qrupları işğaldan azad edilmiş ərazilərimizə sızaraq minalar 
basdırıblar. Düşmənin əksər cəhdinin qarşısı alınsa da, müəyyən vaxtlarda öz təxribatlarını 
reallaşdırmaq imkanı əldə ediblər. Mina terroru ermənilərin ən çox ifşa olunması lazım olan 
məsələdir. Bunu bütün imkanlarımızı səfərbər edərək beynəlxalq təşkilatların, dünya 
ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Hüquqi müstəvidə Ermənistanın cəzalandırılmasına, ifşa 
olunmasına və böyük miqdarda təzminat ödəməsinə nail olmalıyıq. Çünki  bu məsələ uzun illər 
Azərbaycan xalqı üçün problemə çevriləcək. Ərazilərin minalardan tam təmizlənməsi üçün uzun 
zaman və milyardlarla manat vəsait lazımdır. Dövlətimiz bütün imkanlarını səbərbər edib. Biz də 
vətəndaş cəmiyyəti olaraq əlimizdən gələni etməliyik. Hesab edirəm ki, Azərbaycanın təkbaşına 
bu işin öhdəsindən gəlməsi çətin olduğu üçün mütləq beynəlxalq aləm bizə dəstək  olmalıdır. 
Onlar barədə beynəlxalq təşkilatlar öz hesabatlarında məlumat verməli və Ermənistanın 
müharibə cinayətləri cəzasız qalmamalıdır. Amma təəssüflə qeyd etməliyəm ki, beynəlxalq 
təşkilatlar bu məsələyə yanaşmada ikili standartlar tətbiq edirlər”.