Yeni qurumun ali məqsədi olmalıdır

Su ehtiyatlarından səmərəli istifadə təmin edilməsə, həyatın bütün sahələri fəlakətə gedir

Su ehtiyatlarının belə ədalətsiz bölgüsü 20-25 il sonra həlli olmayan ciddi problemlər yarada bilər
 
  Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanda yer alıb.
  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
  Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
  Maraqlıdır, iki qurumun birləşdirilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilməsi bu sahədəki neqativ halları aradan qaldıracaqmı?
İqtisadçı-ekspert Eldəniz Əmirovun “Şərq”ə açıqlamasına görə, sözügedən dövlət qurumlarının birləşməsindən sonra  da büdcə vəsaitləri səmərəli istifadə edilməyəcəksə, korperativ idarəçiliyin ana prinsipləri formalaşmayacaqsa, şəffaf fəaliyyət və ciddi nəzarət mexanizmi olmayacaqsa, bu dəyişikliyin xüsusi bir əhəmiyyəti olmayacaq: “O zaman iki qurumun birləşməsinin yeganə faydası iki aparat rəhbəri, iki “otdelkadr” və digər iki-iki təkrarlanan ştatlardan birinin maaşına edilən qənaət olacaq. Adətən belə hallarda əməkdaşların ixtisar edilməməsi, iki yeni ştatların yaradıldığını nəzərə alsaq, deməli, əslində heç onda da maaşlara qənaət olmur.
Amma iki qurum birləşdiyi zaman həqiqi korperativ idarəçilik yaradılarsa, şəffaf fəaliyyət və ciddi nəzarət mexanizmi olarsa və xərclərin səmərəli istifadəsi həyata keçirilərsə, o zaman həqiqətən ciddi faydalar əldə edilə bilər. Bəzən xərclərin səmərəli istifadəsi adı ilə elə gülməli addımlar atılır ki, adam sadəcə söz tapmır deməyə. Məsələn, 5-6 il əvvəl ölkənin ən böyük şirkətlərindən birinin böyük bir idarəsində xərclərin azaldılması üçün otaqlarda olan daxili telefonları yığışdırıb, otaqdakı 5 işçiyə cəmi 1 daxili telefon saxladılar. Nəticədə xərclərin optimallaşdırılması “müvəffəqiyyətlə” aparılmış hesab edildi. Halbuki telefon xərcləri bəlkə də illik xərcin  0,00000001 faizi idi. Amma işçilərin teleonla bağlı yaşadıqları mübahisələr, diskomfortlar, itirilən zaman, əsəb və işçilərə qarşı hörmətsizliyin mənfi təsirləri isə hesablana bilmirdi. Odur ki, nə qədər ki, xərclərin optimallaşdırılması şou xarakterlı olacaq, dillənən hər 5 dövlət şirkətindən 3-ü “xərcləri optimallaşdırsaq da ili zərərlə başa vurduq” deyəcək. Sonra da küçə süpürən anaların süpürgəçi maaşından tutulan vergiləri bu şirkətlərə datasiya olaraq cəlb edəcəklər”. 
  “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirilməsinə gəldikdə isə E.Əmirov deyib ki,  ölkə başçısı bu fərmanı imzalayarkən 3 məqsədi əsas göstərib. Bunlardan birincisi su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirməkdir. Bura yuxarıda qeyd etdiyim bütün istiqamətlər, o cümlədən xərclərin optimallaşdırılması, effektiv idarəetmə, şəffaflıq və s. daxildir: “Ölkə başçısı ikinci məqsəd olaraq su ehtiyatlarından səmərəli istifadə etmənin təmin olunmasını əsas götürür. Mən deyərdim ki, hazırda nəinki bu qurum üçün, hətta bütün ölkə üçün ən vacib məqsədlərdən biri məhz budur. Çünki su ehtiyatlarından səmərəli istifadə təmin edilməsə, həyatın bütün sahələri fəlakətə gedir. İçməli su problemi insanların, çayların suyunun qeyri-bərabər və ədalətsiz bölünməsi kənd təsərrüfatının, bu da bütün regionun fəlakəti deməkdir. Bu gün bəlkə də hiss edilmir, amma su ehtiyatlarının belə ədalətsiz bölgüsü 20-25 il sonra həlli olmayan ciddi problemlər yarada bilər. Buna görə də fərmanda qeyd edilən bu məqsədə çatmaq yeni qurumun ali məqsədi olmalıdır. Üçüncü məqsəd isə torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaqdır ki, bu da regionların inkişafının “olmazsa olmaz”ıdır. Ümid edirəm ki, yeni yaradılan qurum qarşıya qoyulmuş bu üç məqsədə çatmaqla həm ölkə rəhbərinin etimadını doğruldacaq, həm də kənd təsərrüfatının, dolayısı ilə regionların inkişafında ən böyük problemlərdən birinin qismən də olsa həllinə nail olacaq”.